Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında ən mühüm, misilsiz xidmətlərindən olan xilaskarlıq missiyasından danışarkən, ilk növbədə, belə bir tarixi faktı qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında və müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan bütün faciələr və yaranmış siyasi böhran bilavasitə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsinin acı nəticələri idi. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri də məhz o gündən başladı. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Xarici düşmənlərimizin törətdikləri fitnələr az imiş kimi, 1991-1992-ci illərdə respublikamıza rəhbərlik edən iqtidarın səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması artıq 1993-cü ilin ortlarında Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Bunu AZƏRTAC-a açıqlamasında Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov deyib.
Birlik sədri qeyd edib ki, Azərbaycn xalqı müstəqilliyimizin ilk illərində başına gələn faciələri həmin dövrdə yaşamaya da bilərdi: “Əgər müstəqilliyin ilk illərində ölkədə siyasi hakimiyyəti ələ keçirmiş qüvvələr sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Lakin xalqımız bütün bu faciələri yaşamalı oldu. 1993-cü ilin ortalarında yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən o dövrkü iqtidar da sonda Heydər Əliyevdən imdad istədi. Həmin dövrdə gedən prosesləri Ulu Öndər Heydər Əliyev özü belə şərh edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Nəhayət, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Beləliklə, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir”.
F.Məmmədov deyib ki, Azərbaycan öz torpaqlarının işğalına son qoymaqla dahi xilaskar oğlunun ən böyük arzusunu gerçəkləşdirmiş oldu: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Bu, Ümummilli Liderimizin məcburi köçkün vətəndaşlarımız qarşısında etdiyi çıxışlarının birində böyük inamla söylədiyi fikirdə də öz əksini tapmışdır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Dövlətimizin başçısı azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra daha uca zirvələr fəth edəcək, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.