Bakı, 13 iyun, AZƏRTAC
Yaponiyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Keio Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı komitə sədrinə ali təhsil ocağının tarixi, keçdiyi inkişaf mərhələləri və tədris olunan ixtisaslar haqqında məlumat verilib.
Fuad Muradov rəhbərlik etdiyi komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələrindən danışıb.
Görüşdə Keio Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında tələbə mübadiləsi, Azərbaycan Diasporuna Dəstək Fondu ilə universitet arasında əməkdaşlığın qurulması və digər məsələlər müzakirə olunub.
Komitə sədrinin növbəti görüşü Tokai Universitetinin rəhbərliyi, professor və müəllim heyəti ilə olub. Azərbaycan haqqında təqdimatla çıxış edən komitə sədri ölkəmizin dövlətçilik tarixi və keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verib, daha sonra görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri, professor Xəlil Kələntərin də iştirak etdiyi görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.

