AZ

18 İyun Azərbaycanda İnsan Hüquqları Günüdür TƏHLİL

İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil və hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və imkanlarının daha da genişləndirilməsi ali məqsəd kimi qarşıya qoyulub. Müasir dünyamızda Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Azərbaycanın uğurlu inkişafı ölkəmizdə insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərlə müşayiət olunur. Ulu Öndər tərəfindən imzalanan "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 18 iyun tarixli Sərəncam ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmiş və bu sahədə qanunvericilik və institusional islahatlara təkan vermişdir.

Bu gün - 18 İyun Azərbaycanda İnsan Hüquqları günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. Ulu Öndər tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının böyük hissəsi məhz insan hüquqlarına həsr olunub. Bu amil dövlətimizin insan amilinə nə qədər önəm verdiyinin göstəricisidir. Bu Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuşdur.

Ölkəmiz demokratik inkişaf yoluna Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiya əsasında qədəm qoyub. Ulu Öndərin demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, həmçinin, dünya birliyinə fəal inteqrasiyanı müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan edib.

DEMOKRATİK DƏYƏRLƏRİN BƏRQƏRAR OLDUĞU MÜASİR HÜQUQİ DÖVLƏT

Ölkəmizdə insan hüquqlarını təminatı ilə bağlı güclü hüquqi baza formalaşdırılıb. Həyata keçirilən bütün tədbirlər ölkəmizdə hər bir vətəndaşın hüquqlarının müdafiəsinə yönəlib.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və 2011-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Azərbaycan Respublikasının İnsan Hüquqları haqqında beynəlxalq sazişlərə qoşulub və bu normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğu təmin edilib. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.

HÜQUQ VƏ AZADLIQLARIN ETİBARLI TƏMİNATI

Azərbaycan Konstitusiyasının 12-ci maddəsində də göstərilir ki, insan hüquq vəazadlıqlarının təminatı, eyni zamanda, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin təmini istiqamətində dövlət konkret addımlar atır. 2012-ci ilin dekabrında təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açmış oldu.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə, Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
17
sesqazeti.az

3Mənbələr