AZ

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Qax, 15 iyun, AZƏRTAC

Ölkəmizdə ilk və tək futbol idman ustası, UEFA “B” kateqoriyalı qadın məşqçi kimi fəaliyyət göstərən “Tərəqqi” medallı Dilarə Əhmədova bu yaxınlarda Gəncə şəhərində təşkil edilən "ECOVELOFEST" velosiped idmanı yarışlarının da qalibi adını qazanıb.

AZƏRTAC xəbər verir ki, 60 yaşlı Əməkdar məşqçinin velosiped yarışlarında ölkə birincisi olması, əlbəttə, gənclərə bir örnək misalıdır.

Altmış yaşı olmasına baxmayaraq, Dilarə müəllimə hər zaman formada qalmağa çalışır. Bu məqsədlə də o, hər səhər Qaxın küçələrində velosipedlə dövrə vurur, sağlam həyat tərzi yaşayır. Bununla həm də insanlara, xüsusən gənclərə örnək olur.

Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin metodisti vəzifəsində çalışan Dilarə Əhmədova deyir ki, 2005-ci ildə Prezident İlham Əliyev ölkəmizdə futbolun inkişafı ilə bağlı 10 illik Dövlət Proqramının icrası barədə Sərəncam verəndən sonra o, rayonun kəndlərini bir-bir gəzərək qızları bu sahəyə cəlb edib. “Əlbəttə, ilk aylar çox çətin idi. Kimin qapısını döyürdümsə, “yox” cavabı alırdım. Lakin futbola meyilli valideynlər də qarşıma çıxdı və nəhayət, ilk komandamı təşkil edə bildim”, - deyən futbol məşqçisi növbəti illərdə müxtəlif yaş qrupları üzrə üç komanda təşkil edə bildiyini diqqətə çatdırır.

Əməkdar məşqçi futbolçu qızların yolu uzaq olmasın deyə həftənin bir neçə gününü onların yaşadıqları ünvanlarda məşqlər təşkil edir. O, növbəti təlim-məşq prosesini Turaclı kəndində keçirəcək və ətraf kəndlərdən olan qızlarla bu məkanda bir araya gələcək. Fürsəti əldən verməyib biz də Dilarə müəllimlə onların məşqlərini izləməyə yollanırıq.

Məsafənin uzaq olmasına baxmayaraq, məşqçi yolu velosipedlə qət edir və bildirir ki, bu həm də idmanın təbliğidir. Doğrudan da yol boyu Dilarə müəlliməni görənlər onu salamlayır və hətta yol təhlükəsizliyinə görə müşayiət etmək istəyənlər də olurdu.

Bu vətənpərvər qadın Turaclı kəndinin girişində velosipedini iki dəqiqəlik əyləyərək şəhidlərə ehtiram əlaməti olaraq onların şərəfinə ucaldılan abidəni ziyarət edir, ruhlarına dua oxuduqdan sonra yoluna davam edir. Budur, qızları onu Turaclı məktəbinin qarşısında alqış və böyük sevgi ilə qarşılayır. Beləcə vaxt itirmədən məşqlər başlayır.

Məşq prosesinin davam etdiyi müddətdə öyrənirik ki, Dilarə müəllimənin yetirmələri sırasında qadınlardan ibarət milli komandanın üzvləri də az deyil. Onlardan biri də Səma Həsənlidir və gənc futbolçu rayonda olduğu müddətdə mütləq Dilarə müəllimənin məşqlərinə qatılır.

“8 ildir futbolla məşğulam. 4 ildir ki, millinin üzvüyəm. Dilarə müəllimənin köməyi ilə futbola başlamışam, milliyə dəvət almışam. Hazırda millinin məşqləri olmadığından kənddəyəm. Fiziki qüvvəm itməsin deyə müəllimənin bütün məşqlərinə qatılıram” - deyən Səma sözlərinə onu da əlavə edir ki, məhz Dilarə müəllimənin ona göstərdiyi dəstək nəticəsində bir çox uğurlara imza atıb.

Məşqlər gərgin və bir neçə saat davam edir. Qızların hərəsi bir ucqar kənddən gəlməsinə, yol yorğunluğuna baxmayaraq, məşqçinin onlara verdiyi tapşırığa can-başla əməl edir, fiziki güclərinə güc qatırdı. Məşqlər başa çatandan sonra Dilarə müəllimə yetirmələrinə fasilə verir və bu arada onlara növbəti günlərdə hansı hərəkət və qaydalara əməl etmələrini də tövsiyə edir.

Çalışdığı Uşaq-Gənclər İdman Şahmat məktəbində ötən illər ərzində əldə etdikləri medal və kubokları ayrıca sərgilənən Əməkdar məşqçidən onu da öyrənirik ki, 45 il əvvəl qaçış idman növü ilə bu sahəyə gəlib və Ümumittifaq spartakiadasının qalibi kimi ilk uğuruna imza atıb. 2005-ci ildə futbolun inkişafına dair Dövlət Proqramı qəbul ediləndən sonra onlarla futbolçu yetişdirən Əməkdar məşqçinin hazırda milli komanda da bir neçə yetirməsi oynayır, daha bir neçə perspektivli oyunçusu isə milliyə dəvət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
36
azertag.az

10Mənbələr