AZ

Kəssə hər kim tökülən qan izini...

Bu gün dahi şair, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasından 141 il ötür

Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu gün dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 141 il ötür.
Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.
İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.
Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.
1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.
Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.
“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.
Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.
Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü -
kəlmələri bu gün də aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.
Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.
Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.
Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130, 135 və 140 illiyi dövlət səviyyəsində keçirilib.
Azərbaycan mədəniyyətinin gündən-günə inkişaf etdiyinin, dünyada tanındığının və qəbul olunduğunun şahidi kimi qürurla deyə bilərik ki, Hüseyn Cavidin vaxtilə məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq məqsədilə qələmə aldığı
Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! -
arzuları da bu gün gerçəkləşib.

Seçilən
423
xalqcebhesi.az

1Mənbələr