AZ

Vətən müharibəsinin 18 yaşlı şəhidi - Suqovuşanda şəhadətə qovuşdu

Hə kəsin öz taleyi, öz alın yazısı var. Onun da alnına qəhrəmanlıq yazılmışdı. Vətənin dar günündə silaha ancaq qəhrəmanlar sarıla bilər... 

Siz heç bu dünyada cəmi 18 il yaşayıb amma əbədi ölümsüzlük qazanan adam tanıyırsınız? 

Tanış olun: Əli Bxətiyar oğlu İbrahimov!  SEO Xidməti

Bilirsiniz, Əli kimdir? 

Vətən müharibəsinin 18-cü günündə qəhrəmancasına şəhadətə yüksələn 18 yaşlı şəhidimizdir Əli İbrahimov. 18 yaşında şəhidlik kimi uca bir zirvəyə qalxmağı bacaran həmvətənimizdir Əli. 

Cənnətin qapısını aralamağa haqqı çatan övladımızdır Əli İbrahimov. 

Fəxrimiz, qürur yerimizdir Əli...

Əli İbrahimov 11 fevral 2002-ci ildə Quba rayonunda, məşhur Qırmızı qəsəbədə dünyaya gəlib. 

2008-ci ildə Quba rayonu Qırmızı qəsəbə İsaak Xanukov adına 1-N li tam orta məktəbin 1-ci sinifine daxil olub və 2019-cu ildə həmin məktəbdən məzun olub.

Əli İbrahimov 4 may 2020-ci ildə hərbi xidmətə çağırılıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əli İbrahimov Talışın azad edilməsi uğrunda vuruşub. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində minamyot qəlpəsindən şəhid olub. 

23 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub. 

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əli İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Əlinin atası Bəxtiyar kişi oğlu haqda qürurla danışır: "Əli zəhmətkeş ailədə böyüyüb. Onun özü də erkən yaşlarından işləyib, halal pul qazanıb. Son dərəcə vətənpərvər oğul idi. Müharibənin ilk günlərində yaralanmışdı. Buna baxmayaraq, müalicə olunaraq, yenidən döyüşə atıldı. Oğlumla fəxr edirəm!" 

Qubada onun xatirəsinə şəhid bulağ və xatirə kompleksi yaradılıb. 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
yenisabah.az

1Mənbələr