AZ

Məkkədə böyük faciə, 550 zəvvar öldü

Səudiyyə Ərəbistanında Məkkəyə Həcc ziyarəti zamanı azı 550 nəfər ölüb.

News24.az konkret.az-a istinadən xəbər verir ki, buna səbəb bölgədə temperaturun 50 dərəcədən yüksək olmasıdır.

Diplomatlar izah ediblər ki, bu qədər ölüm halının səbəbi çoxlu sayda qeydiyyatsız zəvvardır və onların gəlişi yardım düşərgələrində xaosa səbəb olub.

Son məlumatlara görə, ölənlərin əksəriyyəti misirlilərdir. Son günlər ən azı 323 misirli zəvvarın Məkkədə dünyasını dəyişdiyi, onlarıa şəxsin itkin düşdüyu bildiirilir. Misir Xarici İşlər Nazirliyi bildirib ki, Qahirə Həcc ziyarəti zamanı itkin düşən misirlilərin axtarışında Səudiyyə rəsmiləri ilə əməkdaşlıq edir.

İordaniyadan isə azı 60 zəvvar dünyasını dəyişib. Tehran səbəbləri açıqlamadan 5 iranlı zəvvarın ölümünü rəsmən açıqlayıb, Dakar isə üç seneqallı zəvvarın öldüyünü bildirib.

Səudiyyə Ərəbistanı rəsmiləri bazar günü istidən əziyyət çəkən 2000-dən çox zəvvara yardım etdiklərini bildirdilər. Təkcə həmin gün 2700-dən çox günvurma faktının olduğu təsdiqlənib.

Xatırladaq ki, ötənilki Həcc ziyarəti zamanı da əksəriyyəti indoneziyalı olmaqla azı 240 nəfərin öldüyü açıqlanmışdı.

Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzinin məlumatına görə, bazar ertəsi, iyunun 17-də Məkkədəki Məscidül-həramda temperatur 51,8 dərəcəyə çatıb. Bundan əvvəl, bazar günü ölkənin Səhiyyə Nazirliyi Həcc ziyarəti başlayandan bəri ən yüksək temperaturun qeydə alındığını bildirib və zəvvarlara ən isti saatlarda günəşə məruz qalmamağı, çətirlərdən istifadə etməyi və bol su içməyi tövsiyə edib.

Statistikaya görə, hər il on minlərlə zəvvar rəsmi viza almaq kimi bahalı prosedurları qarşılaya bilmədiklərindən qeyri-qanuni yollarla Həcc ziyarətinə getməyə cəhd edirlər. Rəsmi məlumatlarda bildirilib ki, ölənlərin sayı çoxlu sayda qeydiyyatdan keçməyən misirli zəvvarlara görə artıb.

“Onlar zəvvar düşərgələrində böyük xaosa və xidmətlərin dayandırılmasına səbəb olub. Zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalaraq istidən ölüblər, çünki insanların çoxunun sığınacaq yeri yox idi”, – deyə ölkədəki Həcc missiyasına nəzarət edən Misir rəsmisi bildirib.

İyunun əvvəlində Səudiyyə rəsmiləri Həcc ziyarəti ərəfəsində yüz minlərlə qeydiyyatsız zəvvarın Məkkədən qovulduğunu bildirmişdilər. Səudiyyə rəsmilərinin məlumatına görə, bu il Həcc ziyarətində təxminən 1,8 milyon zəvvar iştirak edib ki, onlardan 1,6 milyonu xaricdəndir.


Seçilən
68
3
news24.az

5Mənbələr