AZ

ABC nəşri: Makron ölkənin başlıca problemidir

ABC

Bakı, 20 iyun, AZƏRTAC

Fransada keçirilən sorğulara görə, fransızların 74 faizi dövlət başçısı Emmanuel Makronun ölkədə hökm sürən siyasi xaosa görə məsuliyyət daşıdığını düşünərək onun haqqında pis və ya çox pis fikirdədir.

AZƏRTAC İspaniyanın gündəlik ABC qəzetinin onlayn portalına istinadla xəbər verir ki, aparıcı fransız analitikləri Makronun ölkəni tarixi fəlakətə gətirib çıxara biləcək sağ və sol populizm erasına apardığına əmindirlər.

ABC yazır ki, sabiq Prezident Nikolya Sarkozi xalqın hörmətinin görünməmiş şəkildə azalmasını və “nifrət” hissi ilə həmsərhəd olmasını bu cümlə ilə şərh edir: “Milli Assambleyanın buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Fransanın gələcəyi üçün ciddi risk yaradır”.

Bu, “Air-France”, “Airbus”, “Engie”, “L'Oréal”, “Shell”, LVMH və “Michelin” kimi ölkənin aparıcı şirkətlərinin də daxil olduğu Fransa Özəl Şirkətlər Assosiasiyasının (AFEP) da qorxduğu bir riskdir. Onlar gələcək riskləri qınayaraq, iqtisadi fəlakət barədə xəbərdarlıq edirlər.

Bu xaos siyasi baxımdan tam və həyəcanverici qeyri-müəyyənliyə gətirib çıxarır. Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutunun İctimai rəy və korporativ strategiya departamentinin direktoru Jerom Furke vəziyyəti belə şərh edir: “Biz tamamilə idarə olunmayan Milli Assambleyaya doğru irəliləyirik”.

Bütün analitiklər, habelə Fransa mediası çap mətbuatında və ya sosial şəbəkələrdə iki ssenarini nəzərdən keçirir. Birincisi, Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyasının (ifrat sağçı) qələbəsi. İkincisi, heç bir partiya mütləq səs çoxluğu əldə etmir. Yəni, idarə olunmayan parlament ssenarisi yaranır. Hər iki halda Makronun partiyası və müttəfiqləri azlıqda olacaq.

Siyasi İnnovasiyalar Fondunun (Fondation pour l'Innovation Politique) baş direktoru Dominik Reyne hesab edir ki, Makron idarə olunmayan Milli Assambleya yaratmaq riskini sürətləndirib. Onun sözlərinə görə, əgər kreditorlar siyasi gələcək görmürsə, Fransa məhz Makronun ucbatından çoxlu borcu olan ölkəyə çevrilmək riski daşıyır.

Tanınmış jurnalist və tarixçi, fransız liberal fikrinin patriarxı Raymond Aronun tələbəsi və bioqrafı Nikolya Bavere hesab edir ki, Avropa seçkiləri və Le Penin partiyasının yüksəlişi Fransanın populizm dövrünə daxil olmasının əlamətidir: “Fransa 2010-cu ildə başlayan onilliyin populist dalğasından onun təsisatlarının gücü və həm solun, həm də sağın paylaşdığı respublika nizam-intizamı sayəsində xilas olmuşdu. Makron bu divarların bünövrəsini sökdü və metodik olaraq Le Penin hakimiyyətə gəlişinə zəmin hazırladı”.

Bavere əlavə edib: “Prezident iqtisadi durğunluğun müddətini uzadıb, borc və hökumət kəsirləri ilə kompensasiya olunan artımın olmaması vəziyyəti son həddə çatdırıb. Bu, orta sinfin mülkiyyətdən məhrum olması və dağılması, milli hesablar üzərində nəzarətin itirilməsi, sosial nizam və miqrasiya hissini daha da artırıb. Makron, həmçinin müdafiə vəsaitləri olmadan onları təminat altına almaq üçün ciddi, qeyri-mütənasib diplomatik risklərə getdi”. Onun fikrincə, Makronun asayişi bərpa edə bilməməsi ənənəvi partiyalara inamı sarsıdıb və qapıları populistlərin üzünə açıb.

İspaniyanın ABC qəzeti yazır ki, Fransa Psixiatrlar və Psixoloqlar Assosiasiyasının məlumatına görə, mütəxəssislərin bir çoxu ölkədə hökm sürən siyasi qeyri-sabitlik səbəbindən stres, yuxusuzluq, kədər və inamsızlıq ilə əlaqədar dərman üçün müraciət edən pasiyentlərin sayının xeyli artdığını qeyd edir.

Makron iyunun 9-da Avropa Parlamentinə seçkilərdə partiyasının məğlubiyyətindən sonra Milli Assambleyanın buraxılması barədə qərar qəbul edib. Müxalifətdə olan “Milli birlik” partiyası həmin seçkilərdə 31 faizdən çox səs toplayıb, prezident partiyası isə cəmi 14,6 faizlik səslə ikinci yerdə qərarlaşıb. Fransa parlamentinə növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikincisi isə iyulun 7-də keçiriləcək.

Seçilən
144
45
azertag.az

10Mənbələr