Bu gün Avstriyanın paytaxtı Vyanada öz işinə başlayan Avropa Nəşriyyat Konqresindəki müzakirələrdə süni intellektin KİV-də istifadəsi əsas xətt olub.
"Report"un Vyanaya ezam olunmuş əməkdaşının məlumatına görə, konqresdə çıxış edən Avropa KİV rəhbərləri süni intellektdən istifadənin zəruriliyinə diqqət çəkib, ancaq ehtiyatlı yanaşmanın vacibliyini vurğulayıblar.
Xüsusilə, Almaniyanın “Corrective.org” saytının rəhbəri Annet Dovideyt qeyd edib ki, KİV-in işində yalnız süni intellektə etibar etmək olmaz: “Süni intellekt jurnalist araşdırması apara bilməyəcək, ondan bəzi faktları yoxlamaq üçün istifadə etmək olar. Amma istənilən halda jurnalistləri ixtisar etmək barədə düşünmək olmaz. Əksinə, biz onların peşəkar inkişafına vəsait qoymalıyıq”.
“Der Spiegel”in nümayəndəsi Oli Raysman çıxışında bildirib ki, süni intellektdən istifadə etməklə yazılmış mətn yalan məlumatlarla dolu ola bilər: “Bundan əlavə, süni intellekt hər hansı bir məlumatın ötürülməsində təxminedilməz ola bilər”.
Ancaq o eyni zamanda, hesab edir ki, KİV süni intellekt tətbiq etməlidir. O.Raysman nümunə kimi coğrafi adlar ilə bağlı yardımı göstərib: “Coğrafi adlar çox tez dəyişmir, ona görə də süni intellekt onları yoxlamaqda faydalı ola bilər”.
O.Raysmanın fikrincə, KİV-lərin üzləşdiyi digər təhlükə, çap nəşrləri və informasiyalar artıq uğur qazanmırlar: “Çap mediasının ötürdüyü informasiyalar adi insanlar arasında ciddi uğur qazanmır. Dünya əhalisinin əksəriyyəti artıq video məzmuna üstünlük verir. Əslində, yutub və “TikTok” kimi platformalar çap nəşrlərini məğlub edib”.
Avstriyanın informasiya agentliyinin baş redaktoru Mariya Şolts qeyd edib ki, xəbər agentlikləri süni intellekti kütlələr içərisində təşviq etməlidir. O, öz agentliyinin fəaliyyətində, xüsusən də faktlar, mətn düzəlişləri və məlumat axtarışı üçün süni intellektin tətbiqinə dair bir neçə nümunə göstərib.
Sonda qeyd etmək lazımdır ki, konqresində çıxış edənlərin hər biri süni intellektin jurnalistləri əvəz edə bilməyəcəyinə inanırlar, çünki məlumatları qiymətləndirə, araşdırma apara və bir insan kimi məqalə yaza bilmir.