Xəbər verdiyimiz kimi, iyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.
Bəs sözügedən rənglər hansı mənanı ifadə edir?
Sfera.az bildirir ki, bu, Azərbaycanda hava xəbərdarlıqları ilə bağlı tətbiq olunan yeni mexanizmdir. Belə ki, gündəlik hava xəbərdarlıqları zamanı gözlənilən təhlükəli hidrometeoroloji hadisələr “Rəng xəbərdarlıq sistemi” şkalası ilə əhaliyə çatdırılır. Qeyd etdiyimiz rənglərin mənaları isə belədir:
Sarı rəng - Xəbərdarlığın bu rəng şkalasında təqdim olunması bəzi ərazilərdə meteoroloji risklərin ola biləcəyinin proqnozlaşdırıldığı deməkdir. Sarı xəbərdarlıqlarda kiçik xəsarətlər üçün bəzi potensial təhlükələr qeyd olunur.
Narıncı rəng - Bu, ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka yüksək risk olduğunun göstəricisidir. Narıncı rənglə edilən xəbərdarlıqlara və tövsiyələrə mütləq əməl etmək vacibdir.
Qırmızı rəng – Bu rəng isə ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka çox yüksək, yəni ekstrimal risk olduğunun göstəricisidir. Qırmızı xəbərdarlıqlar şiddətli fırtına və tufan, qasırğa halları zamanı istifadə olunur.
Günay