Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ildə Azərbaycanın müstəqillik tarixinə daha yeni Zəfər səhifələri yazıldı. 2023-cü ilin 23 aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü, sentyabrın 19-da isə Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı bu mühüm məqamı xüsusi qeyd etdi ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir: «Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.» Cənab İlham Əliyev, həmçinin bildirdi ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcək.
Bu ilin 7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisini əhatə edən növbədənkənar prezident seçkiləri keçirildi. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqın yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Cənab İlham Əliyev bu qələbədən sonra keçirilən andiçmə mərasimində belə bir çağırışı səsləndirdi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: «Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.»
Göründüyü kimi, tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızda böyük qürur hissi yaratmaqla sabaha daha böyük inamla addımlamağa stimul oldu. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən Ordumuzun gücünü, qüdrətini qeyd etməklə yanaşı, gənclərimizdə vətənpərvərliyin, torpaq, Vətən sevgisinin böyüklüyünü xüsusi vurğulayır.
Hər bir bayram tədbiri, ölkəmiz üçün əlamətdar günlər daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Bu gün artıq bayramlarımızı Zəfər ruhunda qeyd edirik. Ötən ilin sentyabrından başlayaraq isə bayramlarımız bütün ölkə ərazisi üzrə qeyd edilir. Artıq 9 aya yaxındır ki, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bu torpaqlarımız öz tarixi sahibinə qovuşdu. Lakin Azərbaycan daim məsələnin sülh yolu ilə həllinə çalışıb. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən dönə-dönə bildirir ki, müharibə olmaya da bilərdi.
Təbii ki, vəziyyətin belə hal almasına, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb dünya güclərinin ikili standartlara əsaslanan siyasətləri idi. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına səy göstərməyən əksər dünya gücləri münaqişənin sülh yolu ilə həlli barədə görüntü yaratmağa çalışdılar. Real olan bu idi ki, atılan bu addımlar Ermənistanın vaxt qazanması, silahlandırılması, yeni ərazilər uğrunda müharibə planları hazırlaması məqsədi daşıyırdı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları işğalçının yeni ərazilər uğrunda müharibə planını açıqladı. Hansı ki, dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi ərəfəsində BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında işğalçı dövlətin bu planları barədə əsaslı şəkildə məlumat vermişdi: «Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibəyə” çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.» Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra. Dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatmışdır. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.
Dövlət başçısı İlham Əliyevin BMT tribunasından bu çağırışı Ermənistanın müharibə planlarına, eyni zamanda, ona havadarlıq edən dövlətlərin ikili standartlara əsaslanan siyasətinə işıq saldı. İşğalçı dövlət düşünməzdi ki, belə əks-hücum əməliyyatı ilə üzləşər. Azərbaycan Ordusu öz gücünə, qüdrətinə güvənərək missiyasını şərəflə yerinə yetirdi. 44 gündə 30 ilin işğalına son qoymaq Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının təqdimatı oldu.
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən sonra Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə «Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik» fikirləri ilə ordumuzun gücünü, qüdrətini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu və bunu əməldə təsdiqlədiyini diqqətə çatdırdı.
30 ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız dörd ilə yaxındır ki, sevinclidir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir.
Tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bu qürurverici fikirləri qeyd etmək istərdik: «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.» Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Çünki bu parad digər paradlardan tamamilə fərqli idi. Bu baxımdan ki, artıq Azərbaycan Ordusu Azadlıq meydanına qalib ölkənin qalib Ordusu kimi daxil oldu. Eyni zamanda, bu paradda Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olunaraq bir daha ermənilərin və onlara havadarlıq edən dövlətlərin illər uzunu yaratdıqları «məğlubedilməz erməni ordusu» mifi darmadağın edildi.
Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü çağdaş tariximizə şanlı səhifələr kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən Ümummilli Lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusu sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük maraq doğurmasıdır.
Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO ilə ölkəmizin əməkdaşlığı yüksək səviyyədədir. Əvvəllər Qarabağ münaqişəsinə münasibətdə seyrçi mövqedə dayanmağa daha çox üstünlük verən qurumun son sammitlərində münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə xidmət edən qərar və qətnamələrin qəbul edilməsi NATO-nun da artıq həqiqətləri olduğu kimi dəyərləndirməkdə maraqlı olduğunu ortaya qoydu. ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində, nüvə təhlükəsizliyi məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Qarabağla əlaqədar məsələnin müzakirəsi, bəyanatların qəbulu, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə dəstəyin və etimadın göstəricisi idi.
1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşularaq NATO ilə əməkdaşlıq edən ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirən Azərbaycan Alyansın bütün tədbirlərində iştirak edərək ordu quruculuğu sahəsində mühüm nailiyyətlər qazanıb. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. NATO-nun əməliyyatlarında iştirak edən Azərbaycan Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı, nizam-intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarında söylənilən fikirlər sübut edir ki, Azərbaycan bölgənin ən güclü ordusuna malikdir.
İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.
Azərbaycanın «ADEX» beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi, ölkəmizdə keçirilən hərbi paradlar malik olduğumuz imkanları Ermənistana və dünyaya təqdim etmişdir. Rəsmi Bakının daim sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyi barədə səsləndirdiyi bəyanatlar da ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Azərbaycan hər bir baxımdan gücləndi, torpaqlarımızı yağı düşməndən təmizlədi, əvvəldə qeyd etdiyimiz kimi, işğalçı Ermənistanın illərdir formalaşdırdığı «məğlubedilməz ordu» mifini darmadağın etdi. Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə açıq-aşkar ərazilərimizi geri qaytarmaq fikrində olmadığını büruzə verirdi. Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi bugünədək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib, Ermənistana vaxt uzatmağa çalışan dövlətlərin məqsədlərinin nədən ibarət olduğunu açıqladı. İşğalçı dövlətin bu illər ərzində himayədarları tərəfindən necə silahlandırıldığı 44 günlük Vətən müharibəsinin gedişində aydın oldu. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalar, silah-sursatlar, onların qiymətinin adi rəqəmlərlə ifadə olunmaması işğalçını silahlandıran dövlətlərin maraqlarına işıq salır. Cənab İlham Əliyev bütün müsahibələrində, xalqa müraciətlərində bu silahları Ermənistana kimlər verdiyinə açıqlama istəyir. Çünki onların məbləği kasıb ölkənin almaq imkanlarının mümkünsüzlüyünü qabarıq şəkildə ortaya qoyur. Erməni diasporunun ianələri hesabına dövlət büdcəsini formalaşdıran bir ölkənin böyük məbləğ tələb edən silahla, hərbi texnika ilə təchiz olunması maraq doğurmaya bilməz. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı, Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı, həmçinin suverenliyimizin tam bərpa olunmasından sonra Xankəndidə keçirilən Zəfər paradı dünyaya bu mesajı ünvanladı ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.
Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra hədəfləri açıqlayarkən bir daha bu çağırışı etdi ki, Ermənistan Azərbaycanın bundan sonra da güclənəcəyini dərk etməlidir: «O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.»
Cənab İlham Əliyev Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını istisna etmirdi. Bu baxımdan belə bir mesajı çatdırırdı ki, «dəmir yumruq» yerindədir. Tarixi Zəfərimizdən ötən müddət ərzində Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri təxribatlara Azərbaycan Ordusunun «Qisas», «Qətiyyətli cavab» əməliyyatları ilə cavab verməsi məlum hadisələrdir. Bu kimi addımlar bir daha sübut etdi ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni hər zaman yerinə yetirməyə hazırdır.
Dövlət başçısı İlham Əliyev yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrün prioritetlərini açıqlayarkən bir daha bildirdi ki, növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı və müxtəlif vaxtlarda bu məsələ ilə bağlı öz sözlərimi demişdim: «Demişdim ki, bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir.»
Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. «Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz» söyləyən cənab İlham Əliyev vurğuladı ki, bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu hər kəs görür. Ordu quruculuğu prosesi davam etdiriləcək. Dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Prezident İlham Əliyev bu hədəfi də açıqladı ki, çox güclü hərbi sənaye kompleksi yaradırıq. Artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq. Bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar. Azərbaycan bunu illərdir edir və döyüş təcrübəsi əvəzolunmazdır: «Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq. Bu, bir daha onu deməyə əsas verir ki, ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi əsas vəzifədir.»
Yeganə Əliyeva, «İki sahil»