AZ

Neftçi “Xəzəriaşə”nin yeməklərinə etiraz etdiyi üçün töhmət alıb

Yayımlandı: 24 İyun 2024 08:09 “Səbail Rayon Prokurorluğuna ünvanladığım məktuba prokurorluq yox, “Azneft” İB-nin Baş direkoru cavab yazıb” SOCAR “28 May” Neft və Qazçıxarma İdarəsinin Neft Daşlarında yerləşən Qazın ilkin Hazırlanması və Kompressor Təsərüfatı Sahəsinin mühəndisi Elman Abdullayev “Xəzəriaşə”-nin neftçilərə təklif etdiyi qidaların keyfiyyətindən şikayətçidir. Abdullayev deyir ki, qidaların keyfiyyəti ilə bağlı narazılıqlarından sonra tədbir görmək əvəzinə onun əleyhinə ifadələr alınır, hər vasitə ilə işinə maneələr törətməyə çalışırlar. Meydan TV-yə müraciət edən neftçinin sözlərinə görə, 2010-cu ildən bu sahədə çalışır. “İşçilər dəfələrlə “Xəzər iaşə” MMC-dən narazılıqlar ediblər. Aprelin 12-də qidaların saxlanma anbarına baxış keçirilməsi tələbi rəis müavini və sosial işlərə cavabdeh olan komendant tərəfindən rədd edilsə də, çoxsaylı isrardan sonra baxışa razılıq verildi”,-şikayətçi bildirib. Onun sözlərinə görə, rəis müavini, stansiyanın bir neçə mühəndisi və işçiləri tərəfindən ərzaq anbarında aparılan baxış zamanı selofan bağlamanın içərisində qana bulaşmış, mənşəyi məlum olmayan, preslənmiş halda, keyfiyyət sertifikatı olmayan təxminən 70-80 kiloqrama qədər ət məhsulu, o cümlədən növbəti gün üçün hazırlanmalı olan menyuya əlavə edilən dünənki menyudan qalmış toyuq ətinin hissələri və digər ərzaqlar aşkarlanıb. Bununla bağlı yerində AKT tərtib edilib. İşçilər həmin ət və digər ərzaqların ləğv edilməsini tələb ediblər: “Bizə verilən vədlər yerinə yetirilmədi, həmin məhsullar dolayı yollarla təkrar emal edilərək yenidən istifadəyə buraxıldı. Yenidən bu iş böyük narazılığa səbəb olsa da, əhəmiyyət verən olmadı”. Şikayətçi deyir ki, narazı neftçiləri susdurmaq üçün çirkin iftiralara əl atılıb, hətta MMC-nin qadın əməkdaşına söz atmaq kimi iftiralar səsləndirilib. Yuxarı qurumlara şikayət edənlərin işlərində nöqsanlar aşkarlanmağa başlayıb. ““Xəzər iaşə” işçiləri dəyişməklə bütün problemləri onların hesabına yazdı. İşçiləri dəstəklədiyim üçün idarənin rəhbərliyi və “Azneft” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri tərəfindən təhdid olunmağa başladım. Mənə axırınçi xəbərdarlıqla şiddətli töhmət verildi. Səbail Rayon Prokurorluğuna ünvanladığım məktuba prokurorluq yox, “Azneft” İB-nin Baş direkoru Əli Qurbanov tərəfindən cavab yazılıb”,-Abdullayev söyləyib. Cavab məkubunda bildirilir ki, Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədova ünvanladığınız ərizəniz “Azneft” İB-nin aidiyyəti əməkdaşları tərəfindən yerində və sizin iştirakınızla araşdırılıb. Ərizənizdə göstərilənlərin araşdırılması məqsədilə “28 May” NQÇİ-nin QİHN və KTS-də fəaliyyət göstərən yeməkxanasına və yeməkxananın mətbəxinə, həmçinin qida məhsullarının saxlanıldığı ərzaq anbarlarına baxış keçirilib, işçilərə verilən isti yeməklərin və qida məhsullarının keyfiyyəti araşdırılıb, lakin heç bir neqativ hal aşkarlanmayıb. Abdullayev deyir ki, neftçilər üçün gündəlik ayrılan ərzaq məhsullarının dəyərinin nağd ödənlməsini istəyir. Çünki “Xəzər iaşə”nin təklif etdiyi məhsullar keyfiyyətsiz olduğundan bir çox neftçi kimi o da müxtəlif xəstəliklərdən əziyyət çəkir. Amma ona bildiriblər ki, SOCAR və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 06.12.2018-ci il tarixili Əmr-Qərarının 3-cü bəndinə əsasən Neft Daşları ərazisində yerləşən QİHN və KTS-nin SKS-də çalışan, habelə həmin obyektlərə ezam olunan və göndərilən işçilər gündəlik pulsuz isti yeməklə təmin edilir və onlara Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun gündəlik yemək xərcləri əvəzinə əlavə ödəniş tətbiq edilmir. Odur ki, gündəlik yemək xərcləri əvəzinə əlavə ödənişin işçiyə ödənilməsi məqsəduyğun hesab edilmədiyindən həmin vəsaitin ödənilməsi mümkün deyil: “Anbarda aşkarlanan faktla bağlı akta 32 işçi imza atıb. Belə çıxır ki, işçilərin imzaları sübut deyil. Biz “Xəzər iaşə” nin ödəniş əsasında neftçiləri yeməklə təmin etməsini tələb edirik. Belə olduğu halda keyfiyyətinə güvəndiyimiz qidaları ala bilərik. Keyfiyyətsiz qida və digər problemlərlə bağlı müntəzəm şikayət etdiyim üçün kənar sahələrdə işləyən, heç vaxt bizim sahəyə ezam olunmayan, tanımadığım on nəfərin imzası əsasında şiddətli töhmət almışam. Məsələnin SOCAR deyil, digər əlaqədar orqanlar tərəfindən işçilərin iştirakı ilə araşdırılmasına köməklik istəyirəm”. SOCAR-dan şikayətlə bağlı sualları cavablandırmayıblar. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
xural.com

1Mənbələr