AZ

Şimpanzelərin bitki mənşəli müalicə üsulları kəşf edildi

Yazını böyüt
Yazını kiçilt

Şimpanzelərin meşədəki bitkilərlə özlərini müalicə etdikləri aşkar olunub. Tədqiqatçılar bu primatların yeni dərmanların tapılmasına yol aça biləcəyini düşünürlər.

Hafta.az-ın “Washington Post”a istinadən yazdığına görə, elm adamları bir müddət şimpanzelərin ağac qabığı və qatran kimi yüksək qida dəyəri olmayan bitkiləri zaman-zaman istehlak etdikləri üçün belə bir xüsusiyyətə sahib ola biləcəyini düşünürdülər. Keçən ay bitki terapiyasından istifadə edən ilk vəhşi heyvan - İndoneziyada yaşayan üz zədəsi olan oranqutan qeydə alınıb.

Şimpanzelərin bu bitkiləri niyə yediyini anlamaq üçün tədqiqatçılar Uqandadakı Budonqo Mərkəzi Meşə Qoruğunda yaşayan iki populyasiyanın hər biri 4 ay müddətində monitorinq aparıblar.

Heyvanların sağlamlıq problemləri ilə üzləşdiyi zaman istehlak etdiyi 13 bitkini müəyyənləşdirib təhlil edən alimlər onların 88 faizinin bakteriyanın inkişafının qarşısını aldığını üzə çıxarıblar. Bitkilərin üçdə birinin antiinflamatuar xüsusiyyətlərə malik olduğu, yəni ağrıları azaltdığı və sağalmağa kömək etdiyi aşkar edilib.

Məsələn, ishal və bağırsaq qurdlarından əziyyət çəkən şimpanzenin Alstonia boonei adlı ağacın qurumuş budaqlarını çeynədiyi görülüb. Afrikada ənənəvi tibbdə istifadə edilən bu bitkinin yüksək antibakterial və antiinflamatuar xüsusiyyətlərə malik olduğu bilinir.

Başqa bir şimpanze isə əli yaralanarkən heç bir qohumunun yemədiyi Christella parasitica adlı qıjı yeyib. Tədqiqatçılar bu bitkinin həm də güclü iltihab əleyhinə təsirə malik olduğunu müəyyən ediblər.

"Farmakoloji nəticələr göstərir ki, Budonqo şimpanzeləri güclü dərman xassələri olan bir neçə növ istehlak edirlər", - alimlər cümə axşamı “PLOS One” jurnalında dərc olunan məqalədə yazır.

Tədqiqatçılar deyirlər ki, şimpanzelərin bu bitkiləri təsadüfən istehlak etməsi ehtimalı azdır, çünki onlar demək olar ki, yalnız yaralı və ya xəstə heyvanlar tərəfindən istifadə olunur.

Oksford Universitetindən Dr. Elodye Freymann “Washington Post”a apardığı araşdırmanı qiymətləndirərək, "Bəlkə də bu qədər təəccüblənməməliyik" deyir. Çünki şimpanzelər son dərəcə ağıllıdırlar, xəstələndikləri və ya yaralandıqları zaman hansı bitkilərin onlara kömək edəcəyini indiyə kimi başa düşmələri məntiqlidir.

Elm adamları araşdırmada tədqiq edilən bütün şimpanzelərin sağaldığını və qıjı yeyən heyvanın bir neçə gün ərzində əlindən istifadə etməyə başladığını bildirirlər.

"Əlbəttə ki, bu hadisələrin hər hansı birinin birbaşa bu resursları yeməyin nəticəsi olduğunu 100 faiz sübut edə bilmərik" deyib Dr. Freymann, "Ancaq bu, təbiətdəki digər növlərin müşahidəsindən əldə edilə bilən tibbi biliklərin əksidir və bu “meşə apteklərinin” gələcək nəsillər üçün qorunub saxlanmasının zəruriliyi” təcili ehtiyac olduğunu vurğulayır”.

Tədqiqatçılar şimpanzelərin monitorinqi ilə müəyyən edilən dərman bitkiləri sayəsində yeni dərmanların istehsal oluna biləcəyini düşünürlər, lakin bunun çox vaxt aparacağını düşünürlər.

“Washington Post” qəzetinə danışan məqalənin həmmüəllifi Fabien Şultz şimpanzelərin istehlak etdiyi “ən maraqlı bitki ekstraktlarını” araşdırmağı planlaşdırdıqlarını bildirib və əlavə edib: “Şimpanze bilikləri bir gün insanların həyatını xilas edə bilər”.

Seçilən
123
hafta.az

1Mənbələr