Macarıstan Futbol Federasiyası (MLSZ) Macarıstan yığmasının mərkəz hücumçusu Barnabaş Varqanın səhhəti ilə bağlı bəyanat yayıb.
Arena.az məlumat verir ki, Varqa AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turunda Şotlandiya yığması ilə oyunda (1:0) rəqib qapıçı Anqus Qann ilə ağır toqquşmada ciddi zədələnib və meydanı xərəkdə tərk etməli olub.
“Oyun zamanı toqquşmadan sonra Barnabaş Varqanın üzündəki bir neçə sümük sınıb, həmçinin beyni silkələnib. Böyük ehtimalla cərrahi əməliyyat gözlənilir”, – Macarıstan Futbol Federasiyasının rəsmi bəyanatında deyilir.
Bu arada, Macarıstan yığmasının baş məşqçisi Marko Rossi zədəli hücumçusu üçün Avropa çempionatının artıq başa çatdığını bildirib:
“Biz onun vəziyyətinin sabit olduğunu eşitdik. O, hazırda xəstəxanada müşahidə altındadır. Onun sınığı olduğunu bilirik. Amma onun artıq Avropa çempionatında iştirak edə bilməyəcəyi dəqiqdir. Amma ən əsası odur ki, onunla hər şey qaydasındadır”, – “Csakfoci.hu” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Öz növbəsində, hücumçunun komandası “Ferentsvaroş”un həkimi Qerqeli Paniç Barnabaş Varqanın zədə dərəcəsi haqda məlumat verib:
“Hücumçumuzun üz sümüklərində çoxsaylı sınıqlar var, bir neçə kiçik və iri sümüklər sınıb, bəziləri hətta yerindən oynayıb. Əməliyyatdan sonra Varqa iki gün xəstəxanada saxlanılacaq və hər şey qaydasında olsa, Çərşənbə günü o, evə buraxılacaq”, – “Ferentsvaroş” rəsmi saytı Paniçdən sitat gətirir.
Barnabaş Varqa futbola “Haladaş” klubunda qədəm qoyub. Hücumçu karyerası ərzində “Eberau”, “Mattersburq”, “Lafnits”, “Dyirmot”, “Pakş” və “Ferentsvaroş” klublarında çıxış edib.
“Ferentsvaroş” Varqanı 2023-cü ilin iyulunda 800 min avro müqabilində “Pakş”dan heyətinə qatıb. Barbabaş Varqanın Macarıstan nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Varqa “Ferentsvaroş”un heyətində bütün yarışlarda 40 oyuna çıxış, 29 qol vurub, 12 məhsuldar ötürmə verib. Varqa Budapeşt təmsilçisi ilə ötən mövsüm Macarıstan çempionluğunu bayram edib.
Barnabaş Varqa 2023-cü ilin martında debüt etdiyi Macarıstan yığmasının heyətində 14 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 2,50 milyon avro məbləğində qiymətləndirir.