AZ

Qədir Xum deyilən əlamətdar gün bayramdır? - Tural İrfan yazır

Bəziləri deyir ki, Qədir Xum deyilən əlamətdar gün bayramdır. Qeyd edim ki, bu, Büveyhilər və Səfəvilər dövründə bayram statusu alıb. Peyğəmbər 632 ci ildə ömrünün sonlarına yaxın Məkkədən həccdən dönərkən bu yerdə səhabələrini toplayaraq hündür bir yerə çıxıb və əmisi oğlu Əbu Talib oğlu Əlinin əlini yuxarı qaldıraraq buyurub:

“Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. İlahi, Əliyə dost olana dost, düşmən olana düşmən ol...”

Əsrlər keçəndən sonra müsəlmanlar arasında ixtilaf yarandı. Bir qism iddia etdi ki, burada Peyğəmbər İmam Əlini özündən sonra xəlifə təyin edib, ərəbcə çox mənalara gələn "mövla" sözünü də məhz xəlifə mənasında işlədib.

Bir qism də iddia etdi ki, xeyr, Peyğəmbər İmam Əlini Yəmənə vali yollarkən o qənimətləri əsgərlər arasında yerindəcə bölməmiş, daha ədalətli və diqqətli olaraq Peyğəmbərin hüzurunda böləcəyini demiş. Hətta dəvələrə belə minməyə izn verməmiş, ona görə də ordu ondan incimişdi. Bunu sezən Peyğəmbər özündən sonra Əliyə qarşı kiminsə qərəzli qalmaması üçün belə bir xütbə oxumuşdu. Və işlətdiyi mövla sözünü də dost mənasında işlətmişdi.

Əks halda İmam Əli xəlifə təyin edilsəydi Peyğəmbərin digər bütün əmrləri kimi hər kəs ona itaət edərdi...

Bu tarixi ziddiyyət təəssüf ki, hələ də davam edir.

Ümumiyyətlə İmam Əli İslam tarixində Peyğəmbərdən sonra ən parlaq şəxsiyyətdir. O elə bir simadır ki, onun heç kəsin müdafiəsinə ehtiyacı yoxdur. O heç zaman vəzifə düşkünü olmayıb, taxt uğrunda mübarizə də aparmayıb. O yalnız ədalət və haqq uğrunda çarpışıb və hər zaman da qalib gəlib.

Peyğəmbərin əmisi oğlu, kürəkəni, elm şəhərinin qapısı, ilk imam, dördüncü İslam xəlifəsi kimi tarixə düşən bu parlaq sima şəhidliyin, qəhrəmanlığın, mərdliyin, kişiliyin rəmzi kimi bütün müsəlmanların qəlbində böyük məhəbbətlə yaşayır.

Ona və bütün əhli-əyalına, əshabına salam olsun. Allah müsəlmanları onun yolu ilə gedənlərdən qərar versin...

Tural İrfan, ilahiyyatçı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
news365.az

1Mənbələr