AZ

Azərbaycan nəqliyyat “HUB”ına çevrilir

İki əsrə yaxındır ki, dəmir yolları şəhərləri, meqapolisləri birləşdirir, əhalinin sosial mobilliyini artırır, iqtisadi inkişafa töhfə verir. Üstəlik, relsli nəqliyyat dünyada ekoloji cəhətdən ən təmiz nəqliyyat növü hesab olunur. 

Azərbaycanda da 150 ilə yaxın tarixi olan dəmir yolu nəqliyyatı enerji sərfiyyatının aşağı olması, qənaətcilliyi, qəza hallarının daha az olması və etibarlılığı ilə istər yükdaşımada, istərsə də sərnişindaşımada kifayət qədər əhəmiyyətli rola malikdir. 

Məlumdur ki, sağlam, təhlükəsiz, yaşıl dünya yaratmaq üçün əsrin fəlakəti hesab olunan və qlobal istiləşməyə səbəb olan karbon emissiyalarının azaldılması zərurətə çevrilib. Bu baxımdan, nəqliyyat sahəsində yeni strategiyaların hazırlanması, xüsusən, ekoloji təmiz dəmir yolu nəqliyyatı şəbəkəsinin qurulması hazırda bütün dünyada qarşıya qoyulan əsas hədəflərdəndir. 

Sərnişinlər nə istəyir?

Ekoloji təmiz dəmir yolu nəqliyyatı nədir? Azərbaycanda buna nail olmaq üçün hansı addımlar atılır? Bizdə dəmir yolu nəqliyyatının inkişaf trendləri hansılardır? 

 

Sumqayıt sakini Eldar Tanrıverdiyev 10 ilə yaxındır ki, Bakı-Sumqayıt qatarından istifadə edir. Elektrik qatarının ilk sərnişinlərindən olan həmsöhbətimiz dəmir yolu nəqliyyatında müsbət inkişaf trendlərinin olduğunu deyir: “Mən Bakı-Sumqayıt qatarının ilk sərnişinlərindən olmuşam, hətta qatar test rejimində çalışanda ondan istifadə etmişəm. O illərlə indiki dövrü müqayisə edəndə inkişaf göz qabağındadır. Qatarların sayının çox olması, Bakı-Xırdalan-Biləcəri-Sumqayıt yoluna alternativ Bakı-Pirşağı-Sumqayıt xəttinin açılması son məntəqə kimi Sumqayıtdan əhalinin daha da rahat getməsinə səbəb olub. Çünki əvvəl bir xətt olanda qatara minmək olduqca çətin idi, sərnişin həddindən çox idi. İndi eyni vaxtda 2 xəttin olması, xüsusən də səhər saatlarında hər 10-15 dəqiqədən bir qatarın çıxması bu işi kifayət qədər yaxşılaşdırıb. Bu 10 il ərzində ən yaddaqalan yeniliklərdən biri biznes vaqonun bütün sərnişinlər üçün açılması oldu. Bu, həm də digər vaqonların üzərinə düşən yükü azaltdı. Gətirilən yeni tipli əlavə qatarların istifadəyə verilməsini səbirlizliklə gözləyirik. Düşünürəm ki, bu sərnişin sıxlığını daha da azaldacaq və əhalinin daha komfortlu hərəkətinə imkan verəcək”.

Dəmir yolu nəqliyyatından istifadə edən sərnişin kimi həmsöhbətimizin ən böyük istəyi isə bunlardır: “Gələcəklə bağlı ən istəkli olduğum məqamlardan biri də bütün bölgələrimizə, o cümlədən, Quba, Lənkəran və digər rayonlara sürətli sərnişin qatarlarının açılmasıdır. Bakı-Sumqayıt və Bakı-Abşeron dairəvi dəmir yolunda hərəkət intensivliyi bir qədər də artırılsa, daha yaxşı olar. Şənbə və bazar günləri də qrafikin təkmilləşdirilməsini arzu edərdim”. 

Tullantıları azaltmaq üçün elektrik qatarları...

Azərbaycanda 1878-ci ildən mövcud olan dəmiryol nəqliyyatı öz fəaliyyətində təbiətin qorunmasında fəal iştirak edərək bu sahəni prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu nəqliyyat vasitəsilə daşımaların əsas üstünlüyü atmosfer havasının çirklənməsini istisna edən elektrik dartısından geniş istifadə edilməsidir. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ölkənin iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması istiqamətində görülən tədbirlərə dəstək verir. Sərnişindaşımada ətraf mühitə tullantıları azaltmaq üçün elektrik qatarlarından istifadə edilir. ADY tərəfindən sifariş edilmiş və artıq 4-ü ölkəmizə çatdırılmış 10 ədəd yeni “Stadler” qatarının 6-sı elektriklə çalışır. Bu qatarlar sayəsində dəmiryol nəqliyyatının ətraf mühitin mühafizəsindəki payının daha da artacağı gözlənilir. 

Qurumun açıqlamasına görə, yaşıl enerjinin ümumi enerji istehlakında payının artırılması, enerji və yanacaq sərfinin azaldılması və “Yaşıl maliyyələşmə” ilə bağlı təşəbbüslər ADY-də strateji prioritetlər olaraq müəyyən edilib.

Həmçinin vurğulamaq yerinə düşər ki, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etmək məqsədilə ADY “yaşıl enerji”ni təşviq edərək karbon qazının atmosferə atılmasının qarşısını almağa böyük töhfə verir. Bu məqsədlə Yeni Biləcəri lokomotiv deposunun yenilənməsi zamanı binaların enerji təminatı üçün dam örtüyündə 307 ədəd, Yeni Gəncə lokomotiv deposunda isə 350 ədəd günəş paneli quraşdırılıb. Bununla istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət etməklə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarı da azaldılır. 

Ətraf mühitin qorunması işinin təşkili, atmosfer havasına buraxılan zərərli maddələrin həddinə nəzarətin gücləndirilməsi sahəsində ekoloji menecment və sənaye təhlükəsizliyi sisteminin tətbiq edilməsi məqsədilə ADY-nin 2030-cu ilədək “Ekoloji Strategiyası” müəyyən olunub.

“Yükləri 20 faiz daha ucuz daşımaq mümkün olacaq”

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, Azərbaycanda dəmir yolları yarandığı gündən ekologiyanın dostudur, ekoloji təmizdir. Ümumiyyətlə, elektrikli dəmir yolumuz varsa, bu, artıq “ecofriend”dir: “144 il ərzində görülən layihələrdən biri Bakıdan Böyükkəsik istiqamətində dəmir yolunun yenidənqurmasıdır. Modernləşdirilməsi, həmçinin sabit cərəyandan dəyişən cərəyana keçid təmini yönümdə qərarlar verilib. Hazırda Ucardan Böyükkəsiyə qədər bu icra olunub, qalan hissənin isə 2028-ci ildə tamamlanması nəzərdə tutulub. Bu, yükdaşımaya aid olan hissədir, amma dəmir yolunun effektiv işləməsi üçün verilmiş qərardır. Bu, yükləri 20 faiz daha ucuz daşımağa imkan verəcək”. 

Ekspert bildirib ki, Yalama-Sumqayıt istiqamətində də iki ildir, dəmir yolunun modernləşdirilməsi işləri görülür və bu il tamamlanması nəzərdə tutulur. Orada da dəyişən cərəyana keçid olacaq. Bu işlərin də 2028-ci ilə qədər bitəcəyi gözlənilir. 

Abşeron dairəsində də qatarların hərəkəti təmin olunub və ekoloji cəhətdən təmiz olan “Stadler” şirkətinin qatarları həm bu, həm Bakı-Ağstafa, həm də Bakı-Qəbələ istiqamətində hərəkət edir. Həmçinin, işğaldan azad olunmuş Qarabağ zonasında yeni dəmiryol layihələri var. Bərdə-Ağdam layihəsi icra olunub, Ağdamdan üzü Xankəndi istiqamətində layihənin axtarış işləri davam edir. Yevlax-Bərdə istiqamətində isə sağlamlaşdırma işləri görülür: “Horadiz-Ağbənd layihəsi, düşünürəm ki, gələn il tamamlanacaq. Eynilə də, Ucar-İmişli, Osmanlı-Astara istiqamətində də təmir işləri nəzərdə tutulub. Əgər əvvəl “Stadler” şirkətinin istehsalı olan 10 elektrik qatarımız var idisə, 2019-cu ildə verilmiş sifarişə əsasən, əlavə 10 qatarın da alınması ilə bağlı layihə imzalanıb, 4 dizellə işləyən qatar ölkəyə gətirilib. 158 kilometrlik Salam Məlek-Ordubad-Culfa-Naxçıvan-Sədərək istiqamətində dəmir yolunun modernləşdirilməsi nəzərdə tutulur. Layihənin texniki-iqtisadi əsaslandırılması bitib, çox güman ki, onun da icrasına başlanılacaq. Bütün bunlar Azərbaycan üçün çox vacib layihələrdir”. 

Azərbaycan nəqliyyat “HUB”ına çevrilib

R.Ağamirzəyev bu gün Azərbaycanın nəqliyyat “HUB”ına çevrildiyini deyir. Onun sözlərinə görə, istər Şimal-Cənub, Şərq-Qərb, istərsə də, Cənub-Qərb istiqamətində fərqli ölkələri, fərqli qitələri əlaqələndirir. Bu, həm ölkəyə dəyər qatır, həm də bölgənin dünya xəritəsində nüfuzunu qaldırır: “Əgər bir yol varsa, bu, üstünlükdür. Əgər bir neçə yolunuz varsa, bu, artıq sizi rəqibsiz edir. Bu yöndə də Azərbaycan, düşünürəm ki, çox operativ işlər görür. 

Müəyyən istiqamətlər var ki, onları da plana salmaq lazımdır. Məsələn, Yevlax-Balakən dəmir yolumuz varsa, bunu Gürcüstanla əlaqələndirmək lazımdır. Bu halda biz Gürcüstan istiqamətində bir Böyükkəsikdən asılı qalmarıq. Həmçinin Kaxetiya istiqamətində yeni bir istiqamət müəyyən etməklə sərnişin və yük axınlarının parçalanması yönündə qərar vermək olar. 

Ağdamın baş planında İmişlidən Ağcəbədiyə dəmir yolu nəzərdə tutulur. Yevlaxdan da Ağdama dəmir yolu var və o Xankəndiyə qədər uzanacaq. Düşünürəm ki, Ağdamın Ağcabədi ilə əlaqələndirilməsi də vacibdir. Çünki Ağdamda azad iqtisadi zona – Ağdam Sənaye Parkı qurulur. Burada istehsal olunan məhsulun həm Poti limanına, həm Ələt, həm də Ağcabədi istiqaməti ilə Zəngəzura, bir çıxış Culfaya və ya Astaraya təmin etməklə, Fars körfəzi limanlarına da çıxışı təmin edəcək. Bu da həm bölgənin inkişafına gətirib çıxaracaq, həm də şaxələndirmə yönündə verilmiş qərar olar”. 

Azərbaycanın beynəlxalq dəmir yolu təşkilatının üzvü olduğunu diqqətə çatdıran ekspert deyir ki, dəmir yollarının fərqli intensivliyinə görə fərqli həlləri ola bilər. Məsələn, sürətli və yüksəksürətli yollar var. Azərbaycanda dəmir yolları sürətlidir. Yüksəksürətli yollarda sürət 200-400km/saat-dan yuxarı olur. Belə yollar sərnişin qatarları üçün nəzərdə tutulub. Bu növ dəmir yolları üçün yüksək sərnişin axını olmalıdır: “Əgər Bakı ilə Tbilisi arasında elə bir razılaşma olarsa, bu, ola bilər. Çünki hər ikisi milyondan çox əhalisi olan şəhərlərdir. Amma Bakı ilə Gəncə arasında bunun qurulmasına ehtiyac yoxdur. Çünki 330 min əhalisi olan Gəncədən Bakıya o qədər axın olmaz. Daha effektiv həll o olar ki, mövcud dəmir yolumuzun 140 km sürətlik limitini 160km/saata qaldıraq. Amma bununla bağlı əlavə investisiya ayrılmalı, çəpərləmə işləri görülməlidir. Mümkün yeraltı, yürüstü keçidlər, heyvanlar üçün “ecoduk”lar təşkil olunmalıdır ki, qatarın qarşısına mümkün maneə çıxmasın. Çünki əgər qatar 72 km sürətlə hərəkət edirsə, onun əyləc məsafəsi 1000 metrdir. Daha sürətli hərəkət edərsə, əyləc məsafəsi də uzanacaq. İndiki halda ən sürətli sahəmiz Biləcəri ilə Ələt arasındadır ki, orada da qatarlar 140 km/saat sürət yığa bilir”. 

Dəmir yolu şəbəkəmizin 63 faizi elektrikləşdirilib

Mövzu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin də planlarını öyrəndik. Qurumdan saytımıza bildirilib ki, ekosistemə atılan karbon emissiyalarının azaldılması məqsədilə ölkəmizin dəmir yolu şəbəkəsinin 63 faizi elektrikləşdirilib: “Azərbaycan Dəmir Yolları olaraq dəmir yolu infrastrukturunun gələcəyini müasir, səmərəli və ekoloji cəhətdən dayanıqlı olaraq görürük. Bu səbəbdən də, dəmir yollarımızın daha çox elektrikləşdirilməsinə hədəflənmişik. Həmçinin bərpa olunan enerjidən istifadənin təbliği məqsədilə ADY-nin balansında olan Yeni Gəncə və Yeni Biləcəri lokomotiv depolarında günəş panelləri quraşdırılıb. 2023-cü ildə bu panellər 79 min kilovat-saat “yaşıl enerji” istehsal edib. Bununla da, 8 min kub metrdən çox təbii qaza qənaət edilib”.   

Qeyd edilib ki, ADY dayanıqlılıq dəyərinə sadiq qalaraq təbii resurların mühafizəsi və ekoloji balansın qorunması üçün mütəmadi layihələr icra etməklə, bu istiqamətdə müxtəlif qurumlarla əməkdaşlıq edir: “2023-cü ildə ADY BMT-nin Qlobal Sazişinə qoşulub. Şirkət ESG-ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə prinsiplərini fəaliyyətinin bütün istiqamətlərində tətbiq edir. Həmçinin ADY olaraq tərəfimizdən dayanıqlılıq hesabatı hazırlanır. O cümlədən əməkdaşlarımız ağacəkmə aksiyaları, dəmir yolu xətləri boyunca iməciliklər, eləcə də iş prosesində kağızdan istifadənin minimuma endirilməsi kimi təşəbbüslərdə fəal iştirak edirlər.  

ADY-nin “Stadler Rail Group” şirkəti ilə 2019-cu ildə imzaladığı müqaviləyə əsasən, Azərbaycana çatdırılması nəzərdə tutulan 10 müasir qatardan 4-ü artıq ölkəyə çatdırılıb və istismara qəbul edilib. İlkin mərhələdə bu qatarlar Bakı-Ağstafa-Bakı marşrutu üzrə gündə iki dəfə hərəkət edəcəklər”.

 

Qeyd: Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.///Qafqazinfo

Seçilən
133
1
hurriyyet.az

2Mənbələr