AZ

Qlobal Davamlı İnkişaf Konqresi AzMİU üçün Asiya universitetləri ilə yeni əməkdaşlıq imkanları yaradıb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin təşəbbüsü ilə Tailand Krallığının paytaxtı Banqkokda keçirilən Qlobal Davamlı İnkişaf Konqresində iştirakı ali təhsil müəssisəsi üçün yeni üfüqlər yaradıb. Dünyanın hər yerindən ekspertləri, akademik və liderləri dayanıqlı inkişaf təcrübələrini müzakirə və təşviq etmək üçün bir araya toplayan möhtəşəm tədbir AzMİU-nun dayanıqlı inkişafa və beynəlxalq əməkdaşlığa sadiqliyini nümayiş etdirməkdə mühüm rol oynayıb. Yüzdən çox ölkədən 3000-dən artıq qlobal lider və innovatoru bir araya toplayan tədbirdə “Davamlı inkişaf” mövzusunda müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdən AzMİU da daxil olmaqla 10 ali təhsil müəssisəsi konqresə qatılıb. Konqres çərçivəsində Azərbaycan pavilyonunda nümayiş olunan AzMİU-nun stendi böyük marağa səbəb olub. Stenddə AzMİU haqqında dolğun məlumatlar (maddi-texniki baza, müasir laboratoriyalar, tədris olunan ixtisaslar), eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində universitetdə keçirilən tədbirlər yer alıb.

Konqresdə AzMİU-nu təmsil edən İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov və Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə fərqli universitetlərdən gələn qonaqlarla AzMİU-da Davamlı İnkişaf Məqsədləri ilə bağlı həyata keçirilmiş işlərdən danışıb, bununla yanaşı, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən tədbirlərdən söhbət açıblar.

Tədbir boyu nümayəndələr çoxsaylı müzakirələr və sessiyalarda iştirak edərək AzMİU-da aparılan innovativ layihələri və tədqiqatları səmərəli şəkildə işıqlandırıblar. Onlar digər iştirakçılarla əlaqələr quraraq əməkdaşlıq və mübadilə ruhunu gücləndiriblər.

Qlobal Davamlı İnkişaf Konqresində iştirak edən nümayəndə heyəti Asiya ölkələrinin universitetləri ilə rəsmi görüşlər də keçiriblər. Görüşlərdə AzMİU-nun reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində xüsusi rol oynayacaq beynəlxalq təcrübələrin öyrənilməsi məsələsi əsas önəm daşıyıb və bu istiqamətdə sıx əməkdaşlıq planlaşdırılıb.

Belə görüşlərin biri də Tailandın Krirk Universiteti ilə reallaşıb. Əsası 1952-ci ildə qoyulmuş universitetin əsas missiyası elm və təhsil üzrə bacarıqların inkişaf etdirilməsi, sosial cavabdehliyin təbliğidir. Yeddi fakültə, 12 mindən çox tələbəyə (o cümlədən 7000-ə yaxın xarici tələbə) sahib olan Krirk Universiteti AzMİU ilə əməkdaşlıqda maraqlıdır. Görüşdə universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılması barədə geniş fikir mübadiləsi aparılıb. Reytinq sistemində önəmli olan elmi-tədqiqat hissəsinin yaxşılaşdırılması yönümündə görülməsi vacib məsələlər də görüşlərdə əsas müzakirə obyekti olub.

Krirk Universiteti QS dünya universitetləri fənn reytinqində 101-150-ci, QS Cənub-Şərqi Asiya universitetləri reytinqində 29-cu, QS Asiya universitetləri reytinqində 130-cu, Tailand üzrə isə 4-cü sırada yer alır.

Rəsmi sessiyalarla yanaşı, tədbir zamanı yaranmış əlaqələr əsasında konqresdən sonra bir sıra universitetlərin nümayəndələri ilə şəxsi görüşlər keçirilib.

Qeyd edək ki, AzMİU-nun konqresdə iştirakı xarici universitetlərlə sıx əməkdaşlığın formalaşdırılması baxımından böyük önəm kəsb edib. Ayrıca, tərəfdaşlıqlar universitetin təhsil və tədqiqat mənzərəsini zənginləşdirərək akademik proqramların və məqalələrin mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.

Konqresdən sonra “Times Higher Education”in universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətini qiymətləndirən “THE Impact 2024” reytinqi açıqlanıb. Dünyanın ən nüfuzlu THE reytinqi universitetlərin təhsilə, sosial bərabərliyə və ətraf mühitin qorunmasına təsirini əks etdirib.

“THE Impact Ranking” 4 əsas sahə (araşdırma, idarəçilik, əməkdaşlıq və tədris) üzrə dünya universitetlərinin göstəricilərini dəyərləndirib və onların fəaliyyətini BMT-nin 17 müddəadan ibarət Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçüb. Bu il AzMİU reytinqdə bir neçə istiqamətdə uğurla irəlilərərək mövqelərini yaxşılaşdıra bilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
azertag.az

1Mənbələr