AZ

Dövlət bir çox şeyləri edir- lakin fermerlər hələ də heyvan sığortasından qaçır...

Image

Məlum olduğu kimi, ölkədə kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi davamlı şəkildə genişlənir. Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür. Özü də kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb.

 Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarına  əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, buna qədər həmin tariflər müvafiq olaraq 6,1% və 9,5% həddində olub. Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verir. Belə ki, son dəyişikliyə kimi qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gəlir. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. Qeyd edək ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir. Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır. Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Sığortalanma üçün əsas tələblər heyvanın birkalı və peyvəndlənmiş olması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır. Beləliklə, Azərbaycan dövləti fermerlərə mal-qaranı güzəştli şərtlərlə sığortalamağı təklif edir. Bununla da dövlət fermerləri bu işə təşviq etməyə çalışır. Amma bir çox fermerlər hələ də heyvan sığortasına pul xərcləmək istəmirlər. Məsələn, Beyləqan rayonunda heyvandarlıqla məşğul olan Nicat Əliyev adlə fermer “Azadlıq” radiosuna deyib ki, 50 baş qoyunun sığortalanması 450, 12 baş inəyin isə 400 manat pul tutur: “O da heyvanın qiymətindən asılıdır. Elələri var, daha ucuz, elələri var daha bahadır”. Onun sözlərinə görə, fermerlər sığortaya meyli deyil: “Adam bu pulu verər, bilsək ki, heyvan tələf olacaqsa, şirkət sığortanı ödəyəcək. Amma heyvan tələf olursa, bunun ölümünün sığorta şərtlərinə uyğun olmasını sübut etmək çətindir. Ona görə də kəndlilər buna getmir. Elə bil boşuna pulu havaya atırsan”.

Aqrar Sığorta Fondundan bildirilib ki, sığorta heyvanları çoxsaylı risqlərdən qoruyur: “Bura yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri aiddir. Baytar qulluğu zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da nəzərə alınır. Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir”. Fonddan vurğulanıb ki, heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Qurum yeni güzəştlərin detallarını isə belə açıqlayır: “Heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Məsələn, qiyməti min manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq 26-41 manata, 2 min manatlıq heyvanın sığortası 52-82 manata, 5 min manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir. Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir”. Kənd təsərrüfatı üzrə ekspertlər isə qeyd edir ki, bu işdə müstəqil ekspertlərin olması çox vacibdir. Onlar sığorta şirkətlərinin ekspertləri yox, müstəqil olmalıdır. Dövlət əgər 50 faiz ödənişləri öz üzərinə götürürsə, müstəqil hesab ediləcək ekspertlər, sığorta hadisəsinin həqiqətən də baş verməsini təsdiq edə biləcək mütəxəssislər dəvət olunmalıdır. Ekspertlər xatırladır ki, sığorta şirkəti sığortalamaların çox olmasını, bununla da gəlirlərinin artmasını istər. Qeyd edək ki, Azərbaycanda son illər mal-qaranın sayında azalmalar müşahidə edilir. Amma sığortadan geniş istifadə olunsa, vəziyyət dəyişə bilər.

Ramil QULİYEV





Seçilən
94
7
baki-xeber.com

10Mənbələr