AZ

Dağıstan terroru Rusiyanı silkələdi

Dağıstan

Şimali Qafqaz Rusiyanın zəif bəndi olaraq qalır

İyunun 23-də Dağıstanda baş verən terror aktları Rusiyanın sözün əsl mənasında silkələdi. Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib. Terror aktları nəticəsində 17 polis əməkdaşı, 4 mülki şəxs öldürülüb. 32-si hüquq-mühafizə orqanlarının əməkdaşları olmaqla, ümumilikdə 44 nəfər xəsarət alıb. Dərbənddəki kilsənin keşişi Nikolay Ata və Mahaçqaladakı kilsənin mühafizəçisi də öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovun fərmanı ilə 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dağıstanda 17 hüquq-mühafizə orqanı əməkdaşının və 4 mülki şəxsin həlak olduğu sinaqoq və kilsələrə hücumlarla bağlı cinayət işinin araşdırılması ilə bağlı hesabat tələb edib. “İstintaq Komitəsinin sədri Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin rəisi D.V.Belyayevə Dərbənd və Mahaçqalada silahlı basqın faktları üzrə cinayət işi üzrə ilkin istintaq hərəkətləri barədə hesabat təqdim etməyi tapşırıb. İstintaqın gedişinə İstintaq Komitəsinin mərkəzi aparatı nəzarət edir”, - məlumatda qeyd olunub.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki, ağıstanda pravoslav kilsələri və sinaqoqlarda din xadimlərinin, habelə hüquq-mühafizə orqanları əməkdaşlarının tələfatı ilə nəticələnən qanlı hadisələr heç şübhəsiz ki, ciddi şəkildə planlaşdırılmış terror aktlarıdır. Bu xain planı törədənlər dini, irqi və milli mənsubiyyətindən asılı olmayaraq hamısı terrorçudur. Məşhur ifadə ilə desək, terrorçunun vətəni və milləti olmur. error vəhşilik deməkdir, insanlığın düşməni olmaq deməkdir. Odur ki, vəhşilik edənlərin, günahsız insanların faciəli ölümünə bais olanların cəzası da ağır olur. Bu vəhşilər İslam kimi humanist bir dinin adından çıxış edə bilməzlər. Din və insanlıq düşməni olan terrorçuların bu mənfur addımı ilk növbədə regionda dinlərarası dialoqa, barışa, həmrəyliyə qarşı yönəlib.

O qeyd edib ki, eyni zamanda terrorçuların məqsədi İslam dinini bütün dünyaya zorakılığı, terroru, vandalizmi təbliğ edən bir etiqad kimi tanıtmaqdır. Onlar Qərbin mənfur icadı olan “İslam terrorizmi”, “İslam fundamentalizmi” kimi qara təbliğat konsepsiyalarını yenidən gündəmə gətirməyə, aktuallaşdırmağa çalışırlar. Bir sözlə, hədəf İslam dinini gözdən salmaq və Rusiya ictimai mühitində müsəlmanlara qarşı nifrəti körükləməkdir. Bu qanlı olaydan sonra islamofobiyanın güclənəcəyi şəksizdir: “Biz Azərbaycanı əhatə edən qonşu ölkələrdə hər zaman sabitliyin hökm sürməsində maraqlıyıq. Ona görə də Dərbənddə və Mahaçqalada çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktlarının törədilməsi xəbərini dərin kədər və narahatlıq hissi ilə qarşıladıq. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə ilk başsağlığı məktubu ünvanlayan dövlət başçılarından biri kimi sözügedən terror aktını qətiyyətlə pislədi və terrorizmin bütün təzahürləri ilə mübarizəni dəstəklədiyini bildirərək həlak olanların doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verdi. Ümid edirik ki, bu anti-insani aktın törədilməsini planlaşdıran təşkilatçılar öz murdar məqsədlərinə, müsəlmanlarla pravoslav xristianları arasında, müsəlmanlarla yəhudilər arasında qarşıdurmanın və ədavətin baş qaldırmasına nail ola bilməyəcəklər. Üç dinin həmrəyliyi terrora qalib gələcək”.

Rusiyalı politoloq İqor Korotçenko deyib ki, Dağıstandakı hadisə böyük narahatlıq yaradır. Nəzərə alaq ki, Dağıstan çoxmillətli respublikadır və o, hər zaman Qərb kəşfiyyatının, eləcə də beynəlxalq terror təşkilatlarının diqqət mərkəzində olub.

“Mahaçqala və Dərbənddəki hadisə göstərir ki, Dağıstanda sıralarına beynəlxaq terrora meyilli olan yerli şəxsləri cəlb edən və xüsusi hazırlanmış beynəlxaq şəbəkə yaradılıb. Bu ərazilərdə baş verənlər, müqəddəs yerlərə - pravoslav kilsəsinə, qinaqoqa hücum cəhdləri birbaşa regionda vəziyyəti destabilləşdirməyə yönəlib. Bu, həm də Şimali Qafqazda ikinci cəbhə yaradıb, onu genişləndirmək cəhdidir. Unutmayaq ki, Qərb analoji addımları Cənubi Qafqazda da atır. Bunun arxasında isə Fransa və ABŞ kimi oyunçular dayanır.

Dağıstandakı hadisələrə gəlincə, kəşfiyyata və güc strukturlarına yaxın olan bir neçə rusiyalı mütəxəsisin fikrincə, bu, həm də Britaniya kəşfiyyatının Rusiya ərazisində vəziyyəti gərginləşdirmək cəhdləridir. Yaxın zamanda FTX və polis əməkdaşları vəziyyəti nəzarətə alacaq. Amma hər şeyi dəqiqliklə etmək lazımdır ki, regionda oxşar hadisə bir daha təkrarlanmasın”, - o bildirib

Politoloq Elxan Şahinoğlunun fikrincə, Dağıstanda həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı. İsrailin Qəzzada hərbi əməliyyata başlamasına etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Mahaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar. Polis ortada yox idi. Radikal gənclər Mahaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar.

Həmin gün müxtəlif şəhərlərdən uçan təyyarələrin Mahaçqala hava limanına enə bilmədiyini xatırladan politoloq xatırladıb ki, hadisə zamanı İsrail vətəndaşları hava limanını tərk etməyə müvəffəq oldular: “Əgər onlar radikalların əlinə keçsəydi, nəticə ağır olacaqdı. O zaman Dağıstan İstintaq Komitəsi hava limanına hücum edənlərə qarşı cinayət işlərinin açıldığını bəyan etsə də, sonrakı aylarda bu məsələnin üzərinə çox gedilmədi. Bildirildi ki, gənclər səhvlərini etiraf ediblər. İndi kim zəmanət verə bilər ki, dünən Mahaçqala və Dərbənddə kilsə və sinaqoqa hücum edərək polisləri və mülki insanları öldürən cinayətkarlar arasında ötən il hava limanına hücum edənlər olmayıb?”

Onun sözlərinə görə, Şimali Qafqaz Rusiyanın zəif bəndi olaraq qalır: “Dini cərəyanlar Şimali Qafqaz bölgəsində, əsasən də Dağıstanda dərin kök salıb. Dağıstanda işsiz gənclərin sayı çox olduğundan onlar radikalizmi təbliğ edənlərin təsiri altına düşürlər. Moskva bu problemi illərdir həll edə bilmir. Rusiya prezidenti Dağıstan rəhbərliyinə bu illərdə inandığı siyasətçiləri təyin etsə də, onların heç biri bu bölgədə dərin kök salmış problemləri həll edə bilməyib. Kreml çıxış yolunu bu bölgəyə dotasiyanı artırmaqda görür. Ancaq son toqquşmalar göstərdi ki, bölgəyə maliyyənin həcmini artırmaqla məsələlər həll olunmur. Dağıstandakı olaylar Şimali Qafqazın digər bölgələrinə də sıçraya bilər. Ukraynada işğalçı müharibəni davam etdirən, itkilər verən Rusiya diqqətinin bir hissəsini Şimali Qafqaza yönətlmək məcburiyyətində qalacaq”.

Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli olduğunu bildirib. Bu barədə o, Teleqram səhifəsində yazıb. Onun fikrincə, xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə bu teraktlar törədilib: “Dağıstan rəhbəri vəziyyətə nəzarət edir, lazımi qərarlar alınır, terrorçuların tutulması və məhv edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bütün terrorçular məhv ediləcək. İşləyin, qardaşlar!”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində deyib: “Bu cür hadisələr (Dağıstanda terror aktı – red.) xüsusilə bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, regional səviyyədə vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər”.

O bildirib ki, hazırda Katibliyə Rusiyadan kömək üçün heç bir müraciət daxil olmayıb:“Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. Bununla belə, əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənarda durmayacaqlar”.

Politoloq Turab Rzayevin fikrincə, Dağıstanda baş verənlər Rusiya üçün artıq həyəcan təbilinin çalınması deməkdir. Çünki faktiki olaraq Ukrayna müharibəsindən sonra Moskvanın diqqətinin oraya yönəlməsi Şimali Qafqazda böyük bir boşluq yaradıb. Fikir versək, Şimali Qafqazda zaman-zaman terror aktı hadisələri, İŞİD-lə toqquşmalar baş verir, Dağıstanda, İnquşetiyada, Çeçenistanda fövqəladə hal, hərbi vəziyyət elan edilir.

Politoloq 2023-cü ilin oktyabrında hava limanına edilən hücumu xatırladaraq, bunun həmin bölgədə dövlət nəzarəti olmadığını göstərən əsas amil kimi dəyərləndirib: “Rusiya hava agentliyi hücuma görə bütün uçuşları dayandırmağa məcbur olmuşdu. Yerli gənclər Qəzza müharibəsindən qəzəblənib, orada yəhudi axtarışına çıxmışdılar. Təsəvvür edin, oradakı yəhudilərdən bir neçəsi tutulsa və ya öldürülsə idi, dövlətlərarası skandala yol açacaqdı. İndi isə bu qədər polisin öldürülməsi, dövlətin bunu zəbt edə bilməməsi, bundan əvvəl Moskvada baş verən silahlı atışma Rusiyada dövlət nəzarətinin zəiflədiyinin ən bariz nümunələridir. Faktiki olaraq, biz 90-cı illərin əvvəllərindəki hadisələrlə üz-üzəyik. Demək olar ki, Rusiyanı Ukraynada zəiflətmək üçün onu ən zəif yerindən - Şimali Qafqazdan, haradakı yerli kriminal ünsürlər çoxdur, oradan vurmağa çalışırlar”.

Politoloq Putinin Şimali Koreya səfərinə də toxunaraq, terror hadisələrinin arxasında gizlənən səbəbin bu ola biləcəyinə də diqqət çəkib: “Putin səfəri zamanı Şimali Koreyaya zərbə endirilməsinə icazə verməyəcəyini bildirdi, yeni strateji müqavilə imzaladı. Həmçinin Qərbə gözdağı verdi ki, yeri gəlsə, Şimali Koreya üzərindən ABŞ-ın qərb əyalətlərini və ya Sakit okeandakı birinci müdafiə halqasında olan ölkələri - Yaponiyanı, Cənubi Koreyanı, Filippini, Tayvanı və s. hədəf ala, yeni nüvə başlıqları, ballistik raketlər sınaqdan keçirə bilər. Faktiki olaraq, Putin bununla Qərbi şantaj elədi. Düşünürəm ki, bu, Qərbin Rusiyaya reaksiyası ola bilər. Ki, əgər Moskva Şimali Koreya və digər hansısa ölkələrlə bu qədər yaxınlaşmağı davam etdirsə, Qərbi şantaj eləsə, ABŞ-ın da buna cavabı çox sərt olacaq, Rusiyanı daxildən qan gölünə çevirəcək”.

Cavid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
xalqcebhesi.az

1Mənbələr