AZ

8 mindən çox tələbə təhsil haqqı borcuna görə xaric olundu- tələbə kredit sistemi nə üçündür?..

Image

İlqar Orucov: “Fond akademik borcu, yəni kəsiri olan tələbəyə kredit verə bilmir”

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilir ki,  2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə görə təhsil aldığı müəssisədən xaric edilib. 

Bunlar arasında  bakalavriat, magistratura, tam orta ixtisas bazası və ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

8600 tələbənin təhsil haqqına görə təhsil aldığı müəssisədən kənarlaşdırılması təəssüfedicidir. Məlumdur ki, ölkədə ödənişli təhsil alan tələbələrə yardım etmək üçün Tələbə Təhsil Kredit Fondu fəaliyyət göstərir. Maraqlıdır, adıçəkilən fond bu qədər tələbənin təhsil almasına niyə şərait yaratmayıb? 

“Tələbələrin ali təhsil müəssisəsindən kənarlaşdırılmasının əsas səbəbi davamiyyətlə bağlıdır” 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 8600 tələbənin təhsil aldığı müəssisədən kənarlaşdırılması böyük rəqəmdir. Tələbə Təhsil Kredit Fondu gənclərin təhsil alma imkanını genişləndirmə, onların əlçətanlığını təmin etmək məqsədilə yaradılıb: “Fond fəaliyyətə başladığı gündən bugünə qədər kifayət qədər effektiv fəaliyyət göstərib. Fond tələbələrə güzəşt etməkdə maraqlıdır, çünki burda insan faktoru var. Tələbələrin ali təhsil müəssisəsindən kənarlaşdırılmasının əsas səbəbi davamiyyətlə bağlıdır. Tələbə dərsdə iştirak etmir, qayıbların sayı normadan çox olduğu halda onların kəsiri yaranır. Kəsirlər yarananda tələbə kreditlə bağlı Tələbə Təhsil Kredit Fonduna müraciət edə bilmir. Fond akademik borcu, yəni kəsiri olan tələbəyə kredit verə bilmir. Fondun nizamnaməsində bu hal xüsusi olaraq qeyd edilib”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, universitetə qəbul olmaq asandır, bitirmək isə çətindir: “Xarici ölkələrdə 100 gənc bir ixtisasa qəbul olur, ancaq 30-40 tələbə məzun olur. Xarici ölkələrdə universitet məzunu olmaq heç də asan deyil. Oxumayan tələbə universitetin diplomunu ala bilməz”.

Günel CƏLİLOVA





Seçilən
107
baki-xeber.com

1Mənbələr