AZ

Aydın Hüseynov: "Ordu quruculuğu tarixi qələbədən sonra da prioritet istiqamət kimi diqqətdə saxlanılır"

"Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlansa da, müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işinin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu:

"Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz ötən ilin sentyabr ayında birgünlük anti-terror əməliyyatı ilə Azərbaycan ərazi suverenliyini tamamilə bərpa etdi. Bu gün Azərbaycan Ordusu gücünə görə, dünyanın ən yaxşı 50 ordusu sırasında yer alır".

A.Hüseynov qeyd edib ki, ordu quruculuğu tarixi qələbədən sonra da prioritet istiqamət kimi diqqətdə saxlanılır və büdcədən hər il orduya ayrılan vəsaitlər artırılır.

"Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur", - deputat bildirib.

Nigar Həsənli,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
musavat.com

1Mənbələr