AZ

Sanksiyalara baxmayaraq, Rusiyada Aİ-dən elit təyyarə alan azərbaycanlı milyarder kimdir?

Rusiyalı milyarder Zarax İliyev sanksiyalardan yan keçərək Avropa İttifaqından dəyəri 115 milyon dollardan çox olan "Airbus A320neo" biznes-jetini ixrac edib.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

İliyev Rusiyada kommersiya daşınmaz əmlakı ilə məşğul olan və Rusiyanın 100 ən böyük özəl şirkətlərindən biri olan "Kiyev Ploshchad" şirkətinin təsisçilərindən biridir.

İş adamının ABŞ və Böyük Britaniyanın sanksiyaları altında olduğu qeyd edilir. Nəşr həmçinin xatırladıb ki, sanksiyalar Rusiya Federasiyasına xarici təyyarələrin tədarükünü qadağan edir.

Nəşrin mənbəsi bildirib ki, milyarder köhnə "Airbus A318CJ"ni əvəz etmək üçün "Airbus A320neo" təyyarəsi alıb.

Təyyarə 2019-cu ilin sonunda 8774 seriya nömrəsi ilə fabrikdən çıxıb. 2020-ci ilin yanvarında VIP salonla təchiz olunmaq və rənglənmək üçün İsveçrənin Bazel şəhərinə uçub.

"The Moscow Times" yazır ki, təyyarə San Marinoda qeydiyyatdan keçmiş, Maltada yerləşən şirkət vasitəsilə alınıb. 2022-ci ilin yayında "Airbus ACJ320neo" qeydiyyatını Azərbaycana, sonra isə Tacikistana dəyişib. 14 iyun 2024-cü ildə təyyarə Rusiyada rəsmi qeydiyyata alınıb.

"Airbus A320neo" Rusiya Federasiyasında NEO ailəsindən olan ilk ACJ biznes-jeti olub. Bu, "Airbus A320" ailə təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.

Təyyarənin göyərtəsində 25 sərnişinlə 13 saata qədər havada qalaraq 11,1 min kilometr məsafə qət edə bildiyi iddia edilir. Dünyada cəmi on belə biznes-jet var.
 


Qeyd edək ki, Zarax Bension oğlu İliyev 1966-cı il sentyabrın 8-də Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. Atası Bension İliyevdir. 5 oğul atası onlara da çəkməçiliyə öyrədib.

Bension İliyev daha çox "aerodrom” adlanan papaqlar tikirmiş. Qubadakı kolxoz bazarında onu tanımayan olmayıb. Zarax İliyev bu işdə atasına kömək etsə də, ömürlük papaqçı olmaq fikrində olmayıb. Xeyli vaxtdır ki, Rusiyada yaşayan əmilərinin dəvəti ilə 1983-cü ildə, 17 yaşındaykən o, Moskvaya gedir. Əvvəlcə "Çeremuşka” adlanan ərazidə gül alveri ilə məşğul oluv. Sonralar İliyevin gül satdığı ərazidə "Panorama” ticarət mərkəzi tikilir. Artıq onun sahibi Zarax İliyev idi. Özünü müxtəlif sahələrdə sınayan İliyev konyak ticarətinə girişir. Ardınca "İzmaylovsk” bazarında bir neçə ticarət konteyneri satın alaraq onları iş adamlarına icarəyə verməklə pul qazanır. Getdikcə biznesini genişləndirən İliyev yeni sahələri əlinə keçirir.

O, 1993-cü ildə "İliyev” firmasını yaradır. Bu firma vasitəsilə İliyev Çerkizovsk bazarının bir hissəsinə nəzarət edir. 2000-ci ildə Zarax İliyev artıq Moskvadakı ən böyük topdan satış mərkəzlərindən olan "Moskva” ticarət mərkəzinin 57%-ni satın alır. 200 min kvadrat metrlik mərkəzin digər sahibi Moskva meriyası olur. İliyev "Safra İnstruments” şirkətlər qrupunu yaradır. 2008-ci ildə Beliz Respublikasında qeydiyyatdan keçən "Binston İnvestments Limited” də bu şirkətlər qrupuna məxsusdur.

Moskvada rəsmi məlumatlara görə, sayı 30 min olan dağ yəhudiləri icmasının həyatında İliyev aktiv rol oynayır. O, Moskva Dağ yəhudiləri icmasının sədridir. Elə biznes fəaliyyətini nəzər salanda görürük ki, İliyev daha çox öz həmvətənləri ilə işbirliyinə üstünlük verir. Rəhbəri olduğu "Safra İnsruments” şirkətlər qrupunda əsas vəzifələr Alyoşa Yakubov, Edin Xananiyev, Don Mirov, Benyaqu Şalmiyev, İstahar İlhananov və s. kimi dağ yəhudilərinə məxsusdur. Həmçinin öz həmvətənləri ilə birlikdə o, Moskvada "Qrand” mebel mərkəzi, "Elektron Cənnət” ticarət mərkəzi və "Moskva” avtomobil mərkəzinin sahibidir. "Çerkizovsk” bazarının idarəçiliyini isə İliyev İsmayılovla birlikdə həyata keçririr. 

Qod Nisanov onun ən yaxın tərəfdaşıdır. Qırmızı qəsəbədən qapı qonşusu olan Qod Nisanov və Zarax İliyev dostluqlarını illər sonra mənfəətli biznes ortaqlığına çeviriblər. Onların ən uğurlu ortaq layihələrindən biri "Avropa" ticarət mərkəzidir. Təkcə 2012-ci ilin dekabrında mərkəzi 4,54 milyon insan ziyarət edib. Rekord isə 2009-cu ilin dekabrında qeydə alınıb. Həmin vaxt mərkəzi 5,38 milyon insan ziyarət edib.

Alpər
Seçilən
149
26
qaynarinfo.az

10Mənbələr