AZ

İran prezidentliyinə islahatçı namizəd ABŞ ilə münasibətlərin yaxşılaşmasını istəyir

İranda iki gün sonra keçiriləcək prezident seçkilərində yeganə islahatçı namizəd Məsud Pezeşkian Birləşmiş Ştatlar (ABŞ) ilə münasibətlərin yaxşılaşdırılmasını istədiyini deyib. O öz mühafizəkar rəqiblərini Qərblə nüvə sazişini geri qaytarmağa çalışmamaqla İran iqtisadiyyatını məhv etməkdə günahlandırıb.



2016-cı ildə İran və Qərb dövlətləri arasında Tehranın nüvə proqramını cilovlayan tarixi saziş bağlanmışdı. Nüvə sazişi bəzi sanksiyaların qaldırılmasına yol açmışdı. Amma iki il sonra Donald Trampın hakimiyyəti dönəmində ABŞ bu sazişdən çıxdı. Vaşinqtondan vurğulandı ki, məqsəd İran liderlərinin öz xalqına qarşı hesabatlı olmasına nail olmaqdır.



“Şərq gücləri İranın yeganə seçimi olduqlarını düşünməməlidir”



M.Pezeşkian keçmiş xarici işlər naziri Cavad Zərifi özünün xarici siyasət müşaviri elan edib. O, eyni zamanda, prezident seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərə yenidən baxacağını bildirib. Deyib ki, Şərq gücləri İranın yeganə seçimi olduqlarını düşünməməlidir.



Keçmiş ürək cərrahı və səhiyyə naziri Pezeşkian milyonlarla iranlının səsini almaq üçün mübarizə aparır. Ancaq çoxları səsvermədə qalib gələcəyi təqdirdə belə ali dini lider Əli Xameneinin ona ölkənin kursunu dəyişdirməyə imkan verməyəcəyini düşünür.



Onun C.Zərifi öz komandasına cəlb etməsi təsadüfi deyil. O, bununla seçiləcəyi təqdirdə İranın xarici siyasətinin, o cümlədən nüvə proqramı ilə bağlı razılaşmaya baxışının dəyişə biləcəyini nümayiş etdirir. Qərb İran rəhbərliyinin nüvə silahı düzəltmək niyyətindən get-gedə daha çox narahat olur.



“Səs verməmək azlığa güc verir”



C.Zərif Pezeşkiana İsfahandakı kampaniya zamanı qoşulub. O, ruhdan düşmüş seçiciləri iyunun 28-də keçiriləcək seçkiləri boykot etməməyə çağırıb: “Səs verməmək mesaj deyil. Səs verməmək azlığa güc verir. İranı acınacaqlı nəticələrə aparan da məhz bu azlıqdır”.



Azadlıq radiosu





Share




Tweet


Share



Share

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
azadliq.info

1Mənbələr