AZ

"Yaxın 3 ildə Azərbaycan və Türkiyənin birgə istehsalı olan məhsullar ixrac olunacaq" — Ekspert

 “Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Bu zəfərin memarı Ali Baş Komandan İlham Əliyev, icraçısı isə qəhrəman Azərbaycan əsgəridir. Məhz bu möhtəşəm qələbə nəticəsində 30 illik işğal tarixindən sonra Ermənistan diz üstə çökdürüldü və uzun illərdən bəri həsrətini çəkdiyimiz yurd yerlərinə qovuşduq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O qeyd edib ki, çox çətin relyef və iqlim şəraitində düşmənin 30 illik müdafiə sədlərini cəmi bir neçə saat ərzində darmadağın edən Azərbaycan Silahlı Qüvvələri 44 gündə tarix boyu unutmayacağımız qəhrəmanlıq nümunələri göstərdi:


“Bir çox ərazilərimizin azad olunmasında qəhrəmanlarımızın göstərdiyi şücaət bu gün dünyanın hərbi-elmi araşdırma mərkəzləri tərəfindən öyrənilir. Bir çox xarici hərbi mütəxəssislər ordumuzun Hadrutda, Cəbrayılda, Füzulidə, Şuşada göstərdiyi yüksək döyüş potensialının sirrini hələ də aça bilmir. Müharibədən sonrakı sərhəd toqquşmalarında və antiterror tədbirlərində Azərbaycan bir daha “beşinci nəsil” müharibəni apara bilən Silahlı Qüvvələrə sahib olduğunu nümayiş etdirdi”. 

Ekspert türk ordu modelinə keçidin sürətlə davam etdiyini vurğulayıb: 

“Azərbaycan müharibədən sonrakı dövrdə də ordu quruculuğu və silahlı qüvvələrin təminat və təchizatı ilə bağlı mühüm addımlar atır. Bu gün Azərbaycan ordusu Türkiyədə istehsal olunan istənilən hərbi texniki vasitələri istənilən vaxtda əldə etmək imkanına sahibdir. Digər tərəfdənsə hərbi-texniki sahədə əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatı üzvləri ilə, həm də digər dost ölkələrlə uğurla davam etdirilir. Ordumuz beynəlxalq reytinqini hər il daha da yaxşılaşdırır. Ermənistanla güc balansında kifayət qədər irəlidə olan Azərbaycan bu gün dünyanın ilk əlliliyə daxil olan ordusuna sahibdir”. 

Ə.Verdiyev Silahlı Qüvvələrin təminat və təchizatında Müdafiə Sənayesi Nazirliyinin böyük rolu olduğunu diqqətə çatdırıb: 

“Hazırda orduda beşinci nəsil KAAN qırıcısı üçün ehtiyat hissələr istehsal olunur. Azərbaycan Türkiyə və digər dövlətlərlə birgə hərbi müəssisələrin yaradılması, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atır. Bu il Bakıda keçiriləcək ADEX sərgisində biz birgə müəssisələrdə istehsal olunan bəzi məhsulları da görə biləcəyik. Yaxın üç ildə isə Azərbaycan və Türkiyənin birgə istehsalı olan məhsullar artıq ixrac olunacaq”. 

Ekspert qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev üçün ordunun təminat və təchizat məsələsi daim prioritet olaraq qalır: 

“Bu, gələcəkdə də dəyişməyəcək. Azərbaycan regional gücdən qlobal gücə çevrilmək istiqamətində addımlarını davam etdirir. Silahlı Qüvvələrimizin döyüş potensialının yüksəldilməsi üçün ayrılan büdcə mütəmadi olaraq artırılır. Bu, gələcəkdə Azərbaycana qarşı olan revanşist qüvvələrin baş qaldırmaması üçün vacib məsələlərdən biridir. Şəxsi heyət Ali Baş Komandanın əmrini istənilən anda yerinə yetirməyə hazırdır”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
110
3
demokrat.az

3Mənbələr