AZ

"Sülh sazişi belə tezliklə İMZALANMAYACAQ" - Ermənistan tərəfindən hüquqi baza yoxdur...

“Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır”.


Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan deyib.


Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki, sülh sazişinin yaxın zamanda imzalanması üçün Ermənistan tərəfindən hüquqi baza yoxdur.




“Ermənistan rəsmiləri ilk dəfə deyil ki, bu cür açıqlama verirlər. Amma onlar əsas məsələlərdən yayınırlar. Əsas məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan Konstitusiyası təcavüzkar konstitusiyadır. Bu konstitusiyada Azərbaycan ərazisini ilhaq etmək nəzərdə tutulur. Bundan başqa əsas qanunun Türkiyəyə ərazi iddiası var. Bu cür əsas qanun dəyişdirilmədən sülh sazişinin imzalanması bir qədər etibarsızdır. Buna görə də ehtimal edirəm ki, həmin saziş belə tezliklə imzalanmayacaq”.


Ekspert qeyd edib ki, eyni zamanda Ermənistanın nəzərdə tutduğu bir ay ərzində sərhədlərin tam olaraq delimitasiya və demarkasiyası da mümkün görünmür.


“Sərhədlərin delimitasiya və demarkasiya prosesinin ən azından yarısından çoxu həll edilməlidir. Hələ ki, bu proses Azərbaycanın Qazax və Tovuz rayonları ərazisindəki hissədən irəliləməyib. Eləcə də Ermənistanın da təkliflərə hansı dəyişikliklər edəcəyi bəlli deyil. Bundan əvvəl edilən təkliflərə də hansı dəyişikliklərin edilməsi məlum olmadı. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın səsləndirdiyi fikirlər bir qədər mücərrəd görünür”.


Sədrəddin Soltan hesab edir ki, növbəti aylarda Ermənistan tərəfi delimitasiya və demarkasiya prosesi ilə bağlı işlərə daha ciddi yanaşa bilər. Eyni zamanda tərəflər arasında görüşlərin də olacağı istisna edilmir. Sülh sazişinin mətninin hazırlanması istiqamətində razılaşmalar və ən əsası Ermənistanda konstitusiya ilə bağlı yeni redaksiyanın formalaşdırılması mümkün ola bilər.

 

Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
referans.az

1Mənbələr