AZ

Nazirliyin qurumu nöqsanlar aşkarlanmış şirkətlə müqavilə imzaladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 2 milyonluq şirkətlə müqavilə bağlayıb.

TEMPİNFO-nun məlumatına görə, dövlət qurumu xüsusi geyimlər və iş ayaqqabılarının alınması ilə bağlı “Azlab Medical Supplies” MMC ilə razılaşıb.

Belə ki, Meşələrin İnkişafı Xidməti sözügedən şirkətə 48 min 125 manat ödəyəcək. MMC isə bunun qarşılığında gödəkcə və xüsusi iş ayaqqabıları ilə dövlət qurumunu təmin edəcək.

Qeyd edək ki, “Azlab Medical Supplies” 2019-cü ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 916 min 250 manat olan şirkətin qanuni təmsilçisi Əziz Rüstəmov Ərəstun oğludur.

Xatırladaq ki, ötən ay mətbuatda yer alan məlumata görə, “Azlab Medical Supplies”in valyuta tənzimi qaydalarını pozduğu məlum olub.

Azərbaycan Mərkəzi Bankı “Azlab Medical Supplies”ə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Həmin maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Cərimə protokolu baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Samir İsmayılovun icraatına verilib.

Qeyd edək ki, “Azlab Medical Supplies” tibb avadanlıqlar, tibbi sərf mallar və tibbi alətlərin satışı ilə məşğuldur.

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
tempinfo.az

1Mənbələr