AZ

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İctimai

Bakı, 29 iyun, AZƏRTAC

Biz evdə rahat yaşayır, gecələr rahat yatırıq, çünki onlar var. Onlar narahat olur və gecələri yuxusuz qalırlar ki, vətəndaşlarımızın rahatlığı, ictimai asayiş pozulmasın. Öz rahatlığını bizim dincliyimiz, ictimai asayişin mühafizəsi üçün qurban verən fədakar polis işçilərinin əməyi hər cür təqdirə layiqdir. Ancaq əfsuslar olsun ki, onların işinin məsuliyyətini, əhəmiyyətini anlamayan, dərk etməyənlər də var.

Bunu “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Ceyran Əzizova AZƏRTAC-a açıqlamasında deyib.

İctimai Birliyin sədri fikrini davam etdirərək bildirib: “Paytaxtın Şüvəlan qəsəbəsində üç polis əməkdaşının bir neçə gün əvvəl güllələnərək qətlə yetirilməsi xəbəri cəmiyyətimizin bütün üzvləri kimi, məni də sarsıtdı. Üç gənc polis əməkdaşının və hadisə yerinin qonşuluğunda yaşayan mülki vətəndaşın cinayətkar gülləsinə tuş gəlməsi qəlbimi göynətdi. Çox kədərli və ağır hadisədir. Hətta peşə fəaliyyətini yerinə yetirərkən gülləyə tuş gələn polis əməkdaşlarından biri 10 gün sonra ailə həyatı quracaqdı. Təsəlli üçün söz tapmaq olmur. Onların hər birinin ailə üzvlərinə, yaxınlarına, doğmalarına başsağlığı verir və səbr diləyirəm. Təəssüf ki, üç polis əməkdaşının qətlindən çirkin məqsədləri üçün istifadə edənlər də tapılır. Ölkəmizdə mövcud sabitlik və əmin-amanlıq şəraitinin yaranmasında ictimai asayişin keşikçisi olan polis əməkdaşlarının müstəsna xidməti var. Onlar öz işlərinin öhdəsindən yüksək səviyyədə gəlir, sabitliyin və asayişin keşiyində ayıq-sayıq dayanırlar. Məhz onların əməyi sayəsində hər kəs evində rahat yaşayır, hər yerdə özünü sərbəst və təhlükəsiz hiss edir. Bunu görüb qiymətləndirməmək ən azı insafsızlıqdır. Öz həyatını sakinlərin təhlükəsizliyi yolunda qurban verən peşə sahiblərinin fəaliyyətinə kölgə salmaq üçün heç bir əsas yoxdur”.

Müsahibimiz Şüvəlanda baş verən qanlı hadisəni xatırladaraq deyib: “Bu qanlı hadisə cinayətkarın nə qədər qəddar və amansız olduğunu sübut edir. O, öz həyatı, sağ qalması naminə hətta ailə üzvlərini, doğmalarını qurban verməyə hazır olub. Öz xilası naminə yaşlı anasını irəli verib onun arxasında gizlənənə nə ad verəsən? Belə alçaq və çirkin hərəkəti özünə rəva bilən cinayətkar odlu silahdan atəş açaraq polis əməkdaşlarını qətlə yetirib. Humanizm prinsiplərini üstün tutan polis işçiləri əliyalın, silahsız, mülki şəxslərin həyatlarına təhlükəni düşünərək ona cavab atəşi açmayıblar. Asayiş keşikçilərinin bu yanaşmasından istifadə edən cinayətkar üç polis əməkdaşını qətlə yetirib.

Yeri gəlmişkən, bir hadisəni xatırlayıram. Xarici ölkələrin birində yaşayan rəfiqəm bizə qonaq gəlmişdi. Evdə oturarkən mənzilin qapısı açıq qalanda o narahat olurdu ki, yaşadığım ölkədə bunu etmək mümkün deyil. Onun dediyinə görə, kiçik bir ehtiyatsızlıq hər an narkotik istifadəçilərinin və ya oğruların evə hücum çəkməsinə səbəb ola bilər. Bizə qibtə hissi ilə baxırdı və şükür edirdi ki, Azərbaycanda belə hallar yoxdur. Şübhəsiz ki, bu, Azərbaycan polisinin gecə-gündüz çəkdikləri əziyyətin, narahatlığın, yuxusuzluğın və sərvaxtlığının sayəsində mümkündür.

İyulun 2-də Azərbaycanda Polis Günü qeyd olunur. Peşə bayramı ərəfəsində baş verən bu hadisə məyusedicidir. Lakin elə bilirəm ki, həmin üzücü və ağır hadisə həm də ibrət olacaq. Cinayətkarlığı özünə peşə seçənlərə qarşı humanizm və güzəşt etmək olmaz. Belələrinə qarşı qanunun bütün ciddiliyi ilə hərəkət etmək və humanizm göstərməmək lazımdır. Peşə fəaliyyətini yerinə yetirərkən qətlə yetirilən asayiş keşikçilərinin əziz xatirəsi isə heç vaxt unudulmayacaq və həmişə ehtiramla xatırlanacaq”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
azertag.az

1Mənbələr