AZ

“Trampın qayıdışı tarixi faciə olacaq...” – Baydenin debatdakı uğursuzluğu Avropanı şoka salıb

Co Baydenin Donald Trampla seçkiöncəsi ilk teledebatdakı uğursuz çıxışı Avropa siyasətçilərində böyük məyusluq, hətta şok yaradıb.

“AzPolitika” xəbər verir ki, “The Guardian”-ın bu mövzuyla bağlı məqaləsində avropalıların ABŞ-dəki Demokratlar partiyasının Baydenlə deyil, başqa bir namizədlə seçkiyə qatılmasında maraqlı olduğu yazılıb. Qeyd olunub ki, Bayden bu vəziyyəti ilə seçkini qazana bilməz, Trampın hakimiyyətə gəlişi isə Avropanın təhlükəsizliyi üçün ciddi təhdid yaradacaq: “ABŞ seçkilərində ilk prezident debatından sonra Avropanın siyasi spektrindən ümidsizlik səsləri eşidilir. Avropa Parlamentinin üzvü və Belçikanın keçmiş Baş naziri Qay Verhofstadt deyib ki, “Amerika demokratiyası gözümüzün qabağında gerontokratiya tərəfindən öldürülür”. O, bununla ABŞ-də hakimiyyətin ümumi əmək qabiliyyətli əhalinin orta yaşından daha yaşlı şəxslərə məxsus olduğu idarəetmə formasını nəzərdə tutub.

Almaniyanın XDS partiyasının xarici siyasət üzrə mütəxəssisi Norbert Röttgen deyib ki, “bu gecə unudulmayacaq”: "Demokratlar öz seçimlərinə yenidən baxmalıdırlar. Almaniya isə qeyri-müəyyən gələcəyə tam sürətlə hazırlaşmalıdır. Əgər biz indi Avropanın təhlükəsizliyi üçün məsuliyyəti öz üzərimizə götürməsək, heç kim bunu bizim əvəzimizə etməyəcək".

Almaniyanın liberal Azad Demokrat Partiyasından Marie-Agnes Strack-Zimmermann isə deyib: “Demokratların ona qarşı güclü namizəd irəli sürə bilmədiyi üçün Tramp kimi bir adamın yenidən prezident ola bilməsi, bütün dünya üçün tarixi faciə olacaq və bunu bütün dünya hiss edəcək”.

İtaliyada keçmiş Baş nazir Matteo Renzi deyib: "Co Bayden bunu edə bilməz (seçkilərdə qalib gələ bilməz - red.)."

O, Baydenin Birləşmiş Ştatlara şərəflə xidmət etdiyini və şərəfsiz bir sona layiq olmadığını deyib, lakin əlavə edib ki, "(yorulmuş) atları dəyişmək hər kəsin borcudur".

C.Məmmədov

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
47
azpolitika.info

10Mənbələr