Ermənistan adlı dövlətin indiki durumu Ermənistan - Türkiyə münasibətlərinin haradasa yüz il bundan əvvəlki vəziyyətinə bənzəyir. İndi bu ölkəyə sanki Qərblə Şimal arasında seçim etmək məcburiyyəti qarşısında qalmış kimi görüntü verilir. Əslində, bu, belə deyildir. Hazırda Ermənistanda onun “xilasının” qonşularla normal münasibət qurmaqdan keçməsini söyləyənlər var, tarixdən dərs çıxarılmasını təklif edənlərin sayı getdikcə artmaqdadır.
Zaman keçdikcə Ermənistanın Türkiyə və Azərbaycanla normal münasibət qurmağın alternativinin olmadığı qənaəti yaranır. Revanşizm ritorikasının, düşmənçilik siyasətinin bu ölkəyə heç bir dividend gətirməyəcəyi reallıqdır. Bu gün Paşinyan hakimiyyəti, ona qarşı olan qüvvələr bunları dərk edirmi? Bizcə, yüz il əvvəl baş verənlər bu ölkə rəhbərliyi və siyasi toplumu üçün dərs olmalıdır.
Tarixə baxsaq, 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra da Ermənistanda 1921-ci ilin fevral və mart aylarında rus bolşeviklərinə qarşı erməni-türk əməkdaşlığına təşəbbüs təcrübəsi olmuşdur. Çıxış yolu kimi erməni siyasi elitası Türkiyə Böyük Millət Məclisi hökumətindən dəstək ummuş, teleqramlar göndərərək yardım istəmişdir.
Xatırladaq ki, 1920-ci ilin dekabrında hakimiyyət erməni bolşeviklərinin əlinə keçmişdi. 1920-ci ildə eyni vaxtda oktyabr-noyabr aylarında TBMM hökuməti orduları Oltu, Sarıqamış, Qars, Ərdəhan, Sürməlini, sonra Axuryanı keçərək Gümrü, Aleksandropol və Şirak düzünü nəzarətə almışdılar. Aleksandr Xatisyanın başçılıq etdiyi Ermənistan hökuməti dekabrın 2-3-də Aleksandropolda TBMM hökuməti Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir paşa ilə sülh müqaviləsi imzalamışdı. Ermənistanın sonuncu baş naziri və Ermənistan bolşeviklərin əlinə keçəndən sonra yaradılmış “Vətənin Qurtuluşu Komitəsi”nin sədri Simon Vratsyanın Ankaraya, Kamalçılara göndərdiyi və onun “Ömür yolları” (Beyrut, 1967-ci il. s. 38-71) kitabında yer alan üç teleqramında ölkənin xilasının əsas çıxış yolu kimi Türkiyə ilə əlaqələrin qurulması ideyası əks olunmuşdu.
Bu, tarixdir və ermənilər həmin sənədlərdən bəhs etməsələr də, bugünkü reallıqlar ona istinad etməyi tələb edir. Eynilə o zaman da Ermənistanın Türkiyə ilə əməkdaşlıq etmək məcburiyyəti yaranmışdı, bu qonşu ölkə ilə əlaqələrin yeganə yol olduğu məsələsi meydana çıxmışdı. Amma bu gecikmiş addımlar Ermənistanı xilas edəcəkdimi? O dövrü Ermənistanın indiki durumu ilə müqayisə etsək, belə bir paralellik alınır ki, o zaman da Ermənistan Türkiyəyə münasibətdə vaxtında qərarlı addım atmamışdı, indi də müxtəlif xarici güclərin təsiri ilə doğru siyasət sərgiləyə bilmir. Nəticədə, gecikir və tarixi fürsəti əldən verir.
Məlum olduğu kimi, 1921-ci il fevralın 18-də Ermənistanda bolşevik hakimiyyətinə qarşı üsyan baş vermişdi. “Vətənin Qurtuluşu Komitəsi” adlandırılan Vratsyan hökuməti 1921-ci il aprelin 2-dək İrəvanda və Ararat vadisi bölgəsində ölkəni cəmi 42 gün idarə etdi və bolşevik qüvvələrinin təzyiqi ilə Zəngəzura çəkilməyə məcbur oldu. İndi də eyni adlı qurum - “Vətənin Qurtuluşu Komitəsi” yaradılmışdır, bu dəfə bolşeviklərə qarşı deyil, Paşinyan hökumətinə qarşı daxili qüvvələri birləşdirmək məqsədi güdülür. Amma onlar bu dəfə də Türkiyə ilə münasibətlərin normallaşmasını əsas hədəf kimi qoymurlar, kənar müdaxilələr nəticəsində vaxt itirilir.
Çağdaş Ermənistandakı Türkiyə ilə münasibətlərin qurulması və sərhədlərin açılması məsələsini dilə gətirən siyasi qüvvələr var. Bir-iki il bundan öncə isə fərqli mənzərənin şahidi idik. Türkiyəyə düşmən, işğalçı və Ermənistanı məhv etməyə hazır olan bir dövlət kimi baxılırdı. Reallıq isə başqadır. Reallıq onu tələb edir ki, əgər Ermənistan özünü bölgədən təcrid etmək siyasətini davam etdirsə, onun gələcəyi yüz il bundan əvvəlkindən fərqlənməyəcək.
1920-ci ilin sonlarında Ermənistanda yaradılmış “Vətənin Qurtuluşu Komitəsi”nin ilk iclasında Ermənistanda baş verənlərlə bağlı Ankaraya teleqramların göndərilməsi qərara alınmışdı. Komitənin sədri Simon Vratsyanın Ankaraya üç teleqram göndərməsi faktı danılmaz gerçəkdir və bunlar Ermənistan arxivlərində qalır. Ankarada Böyük Millət Məclisinə ünvanlanan ilk teleqramda deyilirdi ki, “Ermənistan türklərlə sülh və dostluq münasibətlərinə can atır”.
Komitənin Ermənistanın diplomatik nümayəndəliklərinə ünvanladığı və altında Vratsyanın imzasının yer aldığı məktubunda Ermənistan-Türkiyə münasibətlərinin əhəmiyyəti belə vurğulanırdı: “Keçən il noyabrın sonunda (1920) Türkiyə ilə müharibəmiz məğlubiyyətimizlə başa çatdı. Qars və Aleksandropol çökdü, Ararat vadisi, yəni Ermənistanın varlığı təhlükə altına düşdü. Hökumətimizin başqa yolu yox idi, şərtlər nə qədər sərt olsa da, barışıq danışıqlarına başlamalı, Türkiyə ilə müttəfiqlik münasibətləri qurmalı idik. Danışıqlar sülh müqaviləsinin imzalandığı Aleksandropolda baş tutdu. Türklərin tələbləri çox ağır idi, lakin məğlub olduğumuzdan və müharibəni davam etdirmək şansımız olmadığından qalibin iradəsinə boyun əydik. Aleksandropol paktı bizim üçün nə qədər çətin olsa da, buna baxmayaraq, Cümhuriyyətin mövcudluğunu təmin etdi, sonra isə xalqa bir az nəfəs almaq, gücünü toplamaq və ölkəni çox dar çərçivədə də olsa, yenidən qurmaq, dövləti bərpa etmək imkanı verdi. Hökumətin qərarı barışığı tam dəqiqliklə həyata keçirmək, yeni müharibələrə səbəb olmamaq, Türkiyə ilə dostluq, hətta qardaşlıq əlaqələri qurmaq, ticarət əlaqələrini bərpa etmək və yenidən hər cür fəsadların qarşısını almaq idi.”
Vratsyan öz kitabında sonra yazırdı: “Səlahiyyətli nümayəndələrimiz Aleksandropolda sülh müqaviləsini imzalayarkən, eyni anda, Sovet Rusiyasının İrəvandakı nümayəndəsi Leqran hökumətimizə bildirdi ki, Rusiyanın Qızıl Ordusu erməni bolşeviklərindən ibarət erməni gücləri ilə birlikdə Azərbaycan sərhədlərinin Qazax, Dilican istiqamətindən Ermənistana daxil olub. Ardınca isə cənab Leqran... Ermənistanı sovetləşdirməyi tələb etdi, əks təqdirdə Sovet Rusiyası ilə yeni müharibə ilə hədələndi. Bizim iqtidarın belə bir müharibə aparmağa, güc nümayiş etdirməyə imkanları yox idi, ona görə də cavab verildi ki, mənasız qan tökməkdən çəkinərək Ermənistan hakimiyyəti yerini yeni gələnlərə təhvil verir...” Ermənistanda bolşevik hakimiyyəti quruldu, lakin bu siyasi sistemi qəbul etməyən millliyətçi kəsim yeni bir qurum yaradıb müqavimət hərəkatı təşkil etməyə başladı.
Vratsyan qeyd edir ki, bolşeviklərə qarşı mübarizə aparmaq, ümumiyyətlə, ölkədə dinc həyatı bərpa etmək üçün qonşu Türkiyənin dostluğuna, hətta dəstəyinə çox borcluyuq. Orada, xaricdə, bizim Türkiyə ilə dostluq münasibətlərinin qurulmasına zidd olan hər addım bizim üçün ölümcül ola bilərdi. Bu gün bizim bölgəmizdə iki real güc var, biri Sovet Rusiyası, digəri Türkiyədir. Digər qüvvələr bizdən çox-çox kənardadır. Acı təcrübənin göstərdiyi kimi, biz birinci ilə barışa bilmərik. Bir başqası ilə barışıb dost olmalıyıq. Bu mümkün deyil, çünki bizim və türklərin ortaq maraqları var ki, onları ortaq qüvvələrlə müdafiə edə bilərik. Bolşeviklərin qayıdışı bizim üçün olduğu kimi, Türkiyə üçün də arzuolunmaz olduğunu qeyd etmək lazımdır. Bolşeviklərin qayıdışı Ermənistanın Rusiyaya birləşdirilməsindən başqa bir şey demək deyil. Belə olan halda Türkiyənin yenə də öz sərhədində onun əbədi düşməni, böyük və təcavüzkar Rusiya olacaq. Çünki hamıya aydındır ki, Sovet Rusiyası da öz mövcudluğu dövründə Çar Rusiyası kimi aqressiv, imperialist olacaqdır.
Qafar ÇAXMAQLI
XQ-nin Türkiyə müxbiri