“Divanü lüğat-it-türk” – 950”
AMEA-nın Əsas binasında Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransı açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin Azərbaycanda yenicə çap olunmuş məşhur “Divanü lüğat-it-türk” əsərinə yüksək dəyər verərək, ona həsr edilən beynəlxalq tədbirin türk birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri bildirib ki, ana dilimizdə işıq üzü görən qaynaq bundan sonra geniş tədqiqat obyektinə çevriləcək.
Akademik İsa Həbibbəyli müsəlman dünyası üçün ən böyük təməl kitabın “Qurani-Kərim” olduğunu, ondan sonra ədəbiyyatda və ictimai fikirdə Türk dünyasını birləşdirən bir neçə möhtəşəm əsərin meydana çıxdığını deyib. Bildirib ki, “Qurani-Kərim”dən sonra Türk dünyası üçün ən böyük bədii əsər “Kitabi Dədə Qorqud”, ən böyük elmi əsər isə “Divanü lüğat-it-türk”dür.
Qeyd olunub ki, bu əsəri ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev tərcümə edib və buna görə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edilib və bununla da əsər itmiş sayılıb. “Divanü lüğat-it-türk” 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılıb. Bu əsər türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbədir. Mart ayında ADA Universitetində kitabın təqdimatı keçirilib, ötən həftə Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Cari ilin dekabrında isə “Divanü lüğat-it-türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd ediləcək.
AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli “yubilyar” əsəri Türk dünyası haqqında dolğun məlumatların toplandığı “Türküstan” adlandıraraq bildirib ki, nəşrdə XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub. “Divanü lüğat-it-türk” əsəri türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır.
Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan yaradan, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır.
Türk Dil Qurumunun başqanı professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ün misilsiz məziyyətlərindən bəhs ediblər. Daha sonra akademik Nizami Cəfərovun “Mahmud Kaşğarinin tədqiqat metodu haqqında”, professor Mahirə Hüseynovanın “Mahmud Kaşğari “Divan”ı və türk dillərinin qrammatikası” və professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və müasir türk dilləri” adlı məruzələri dinlənilib.
Konfransda, həmçinin Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxış ediblər. Qeyd olunub ki, yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən “Divanü lüğat-it-türk” min il öncəki düşüncəni bu günə gətirən, tanıdan mötəbər bir qaynaqdır.
XQ