AZ

Azərbaycanda bir sıra sahələrdə qiymət tənzimlənməsi zəruri tələblərə əsaslanır

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib. AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.

“Report”un xəbərinə görə, benzin və dizelin qiymət dəyişikliyi hibrid, elektrik avtomobillərə keçidi sürətləndirəcək. Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir.

Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir.

Dünyanın əksər ölkələrində artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun.

Aİ-da benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatı 2035-ci ildən mümkün olmayacaq.

Qeyd edək ki, əksər ölkələrdə Aİ-92 markalı benzin istifadə olunmur. Artıq qlobal səviyyədə böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib.

Nəqliyyat emissiyalarının ətraf mühitə mənfi təsirinin azaldılması üçün yanacağın da keyfiyyətinin artırılmasına zərurət var. Bu baxımdan “Avro-5” müasir standartlara uyğun hesab edilir.

Ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır.

Dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb.

Statistika göstərir ki, Azərbaycana benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, onların istifadəsinin azaldılması təşviq olunmalıdır.

Qiymət dəyişikliyi yanacağa qənaət edən hibrid, elektrik və CNG (sıxılmış təbii qaz) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək.

Bu baxımdan yanacağın keyfiyyətinin yüksəldilməsi nəqliyyat vasitələrinin təmirinə çəkilən xərcləri azaldacaq.

Psixoloji təzyiq səbəbindən yanacağın qiymət artımının ilkin vaxtlarda qiymətlərin yüksəlməsinə təkan verəcəyi ehtimalı nəzərə alınaraq, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcək.

Bərk Məişət Tullantılarının yığılması, daşınması və zərərsizləşdirməsi xidmətləri üzrə tariflərə gəlincə, bu sahədə tariflər sonuncu dəfə 13 il əvvəl - Tarif Şurasının 24.11.2011-ci il tarixli qərarı ilə müəyyən olunmuşdu. Bu 13 il ərzində ölkədə tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənib, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər yerləşdirilib.

Amma bu tariflər əsasında ödənişlər xidmətlə bağlı xərcləri qarşılamadığı üçün bu sahəyə dövlət büdcəsindən subsidiya ayrılır; aşağı tariflər bu sahəyə özəl sektorun marağını azaldır; subsidiyanın ayrılması ilə tariflərin aşağı səviyyədə saxlanılması əhali və qeyri-əhali abonentlərinin uçotunun təşkili və yığımla əlaqədar problemlərə səbəb olur; büdcədən əhəmiyyətli dərəcədə asılılıq dövlət tənzimlənməsinin təkmilləşdirilməsi siyasətinə uyğun gəlmir.

Qeyd edilən səbəblər bu sahədə yeni tənzimləməni zəruri edir. Tarif dəyişikliyinin cüzi olması - əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik artacaq.

Digər ölkələrdə bu sahədə tariflərlə müqayisə aparaq. Məsələn, əhali qrupu üzrə Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr, qeyri-əhali qrupu üzrə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir.

Yeni tariflər dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək; dövlət büdcəsindən asılılıq azalacaq; abonentlərin uçotunun və xidmət haqlarının yığımının təşkili stimullaşacaq; özəl sektorun bu sahəyə marağını artıracaq.

Azərbaycanda sənaye sahələrinin inkişafı və rəqabətqabilliyətli məhsulların istehsalının dəstəklənməsi ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi, sənaye zonalarının yaradılması və onlara müxtəlif güzəştlərin verilməsi, sənaye zonalarında ferroərintilərin istehsalının da həyata keçirilməsi – məsələn, polad istehsalı zamanı istifadə (65-75%) olunan ferrosilisiumun istehsalı bu sahənin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Polad istehsalı zamanı istifadə olunan ferrosilisium istehsalının bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi, ixracyönümlü olduğu üçün beynəlxalq rəqabətə davamlılığı nəzərə alınaraq, ferrosilisium istehsalı sahəsinə də gecə gündüz tarifinin tətbiqi məqsədəmüvafiq hesab edilib.

Mühüm sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davamlıdır. Yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb.

Qeyd edək ki, 15 sentyabr 2023-cü il tarixindən ölkədə bütün dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri yuxarı hədd səviyyəsində təsdiq edilir. Yəni dərmanlar təsdiq olunmuş qiymətlərdən aşağı qiymətə satıla bilər. Məsələn, əvvəl hər hansı bir dərman vasitəsinin qiyməti 10 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 10 manata satılmalı idi. 15 sentyabr tarixindən isə həmin dərman vasitəsinin maksimum qiyməti 10 manat ola bilər və beləliklə o, 10 manatdan aşağı qiymətə satıla bilər.

Seçilən
80
21
report.az

10Mənbələr