AZ

Renduliç: “Bizdən gözləntilər böyükdür” – MÜSAHİBƏ

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliçin “FutbolPress”ə müsahibəsi:

– Yeni mövsümə hazırlıq necə gedir?
– Mövsümə uyğun hazırlıqlarımız gedir. Əvvəlcə Masazırda toplaşdıq, sonra isə Qəbələdə. Burada da proqrama uyğun çalışdıq və növbəti mərhələ Sloveniyada olacaq.

– Konfrans Liqasında Hayfa “Makkabi”si ilə qarşılaşacaqsınız. Oyuna bir aydan az vaxt qalıb. Təhlillərə başlamısınız?
– İndiki məqamda daha çox komandamıza diqqət etməliyik. Növbəti həftədən rəqibi təhlil etməyə başlayacağıq. Əla komanda olduqlarını bilirik. Məqsədlərimizə çatmaq üçün 100 faiz hazır olmalıyıq.

– Cütün favoriti “Makkabi”dir. Bu, üzərinizdəki təzyiqin azalması baxımından faydalıdırmı?
– Düzdür, favorit “Makkabi”dir. Amma onlarçün təhdid planı hazırlayacağıq. Fürsətlərdən istifadə edib, nəticə qazanmağa çalışacağıq. Əvvəlcə özümüz daha diqqətli olmalıyıq. Təhlillərdən sonra rəqibin nəyə qadir olduğunu daha yaxşı biləcəyik.

– Transfer dönəmi bir müddətdir başlayıb və artıq iki oyunçu – Coy-Lens Mikels və İvan Lepinitsanı transfer etmisiniz. Daha hansı mövqelərə axtarışlarınız var?
– Heyətimizi gücləndirmək üçün çalışırıq. Mikels və Lepinitsanın bizə köməyi olacaq. Onların keyfiyyəti və təcrübəsi sayəsində daha yaxşı ola bilər. Bundan əlavə, icarədə olan bir neçə futbolçumuz da düşərgəyə qayıdıq. Skautinq xidmətimiz çox ciddi işləyir və hələ nələrsə dəqiqləşməmiş kiminsə adını verə bilmərəm.

– “Sabah”dan gözləntilər böyükdür. Qarşıya hansı hədəfi qoymusuz və bu yol çətin olmayacaq?
– Başa düşürük ki, bizdən gözləntilər böyükdür. Çünki ötən mövsümü yaxşı tamamladıq və Konfrans Liqasına vəsiqə qazandıq. Yeni mövsümdə də ən pis halda bunu etmək istəyirik. Çalışırıq və hədəflərimizə çatmaq üçün plan üzrə işləyirik. Hər oyun bizimçün vacibdir. Gələcək üçün çox da uzaqlara baxmaq lazım deyil.

– Ölkənizin milli komandası – Xorvatiya Avro-2024-də mübarizəni erkən dayandırıb. Fikirləriniz nədir?
– Xorvatiyanın Avropa çempionatından kənar qalmasına təəssüflənirəm. Düşünürəm ki, İspaniya, İtaliya və Albaniya ilə qrupları çətin olsa da, növbəti mərhələyə yüksələ bilərdilər. Bəlkə də, ən asan oyun Albaniya ilə idi, ancaq qələbə olmadı. İtaliyaya isə son dəqiqələrdə buraxılan qolla xal verdik. Əsas məsələ millinin gəncləşməsidir. Nəsil dəyişikliyi gedir və nəticələr normaldır. Xorvatiya yığması həmişə topa sahib olmaq və texniki keyfiyyətləri ön plana çıxarmaq istəyən komandadır. Hücumda da sürətli oyunçulara sahibdirlər.

Şahin Cəfərov

Seçilən
124
futbolpress.az

1Mənbələr