Qəbələ, 1 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun “Səlbir” adlanan ərazisində arxeoloji qazıntı işlərinə başlanılıb. Qazıntı işlərində yerli arxeoloqlarla yanaşı, Cənubi Koreyadan olan arxeoloqlar da iştirak edirlər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktorun sözlərinə görə, arxeoloji qazıntı işləri əsasən, qoruğun “Səlbir” və “Antik” orta əsr yaşayış yeri adlanan ərazilərində aparılacaq.
Bu məqsədlə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun antropoloqu, arxeoloji ekpedisiyanın rəhbəri Vüsal Həsənov və Cənubi Koreyadan olan arxeoloqlara rəhbərlik edən Seul Milli Universitetinin professoru Kim Jongilin iştirakı ilə görüş keçirilib. Görüş zamanı ekspedisiya tərəfindən arxeoloji qazıntıların aparılması, əldə olunan arxeoloji materialların mühafizəsi və təhlükəsizliyinin təmin olunması, ərazinin və qazıntı sahələrinin təmizliyi və yanğından mühafizəsi, həmçinin qoruq tərəfindən arxeoloji ekspedisiyaya zəruri dəstəyin və lazımi köməkliyin göstərilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Zahir Kərimovun verdiyi məlumata görə, qoruğun tarixi ərazilərində kəşfiyyat xarakterli ilk arxeoloji qazıntılar 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi ilə aparılıb. 1944-1945-ci illərdə arxeoloji qazıntı işləri arxeoloq Saleh Qazıyev rəhbərliyi ilə yenidən davam etdirilib. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb və qazıntı işləri 1990-cı ilədək davam etdirilib.
On beş illik fasilədən sonra - 2005-ci ildən bəri qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərirlər.
Qoruğun direktoru bildirib ki, son illər tarix elmləri doktoru, professor Qafar Cəbiyev tərəfindən Qala ərazisində geniş arxeoloji tədqiqatlar aparılıb, müxtəlif mədəni təbəqələrə aid tikili qalıqları və istehsalat ocaqları müəyyən edilib. Bundan əlavə, professor İlyas Babayev tərəfindən Antik şəhər yerində oval planlı yeni bina qalıqları aşkar edilərək, bu tip tikililərin sayı beşə çatdırılıb. 2018-2019-cu illər ərzində tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk orta əsrlər Qəbələ Arxeoloji ekspedisiyası” tərəfindən Səlbir ərazisində, həmçinin Qoruq ərazisinin xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub. Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiya tərəfindən Səlbir ərazisində Şimal və Qərb müdafiə divarları və müxtəlif tikili qalıqları da tədqiq edilib.