Fransada sağlar seçkilərin ilk turunda qalib gəlib: sollar etiraz edir, Makron təcili müraciətlə çıxış edib
Fransada parlament seçkilərinin ilk turunda "Milli Birlik" sağ partiyası qalib gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Le Mond" qəzeti yazıb, məlumatı "focus.ua" nəşri yayıb.
Nəticələrə görə, "Milli Birlik" partiyası səslərin 33, 2, "Yeni Xalq Cəbhəsi" sol partiyaların alyansı 28, prezidentyönümlü qüvvələr koalisiyası 20, 8 faizini qazanıb. Bu zaman partiyalardan heç biri mütləq çoxluq əldə etməyib.
Seçkilərin ikinci turu bazar günü, iyulun 7-də keçiriləcək və Milli Assambleyanın bütün 577 deputatı seçiləcək. İkinci tura birinci turda 12, 5 faizdən çox səs toplayan namizədlər keçib.
Bundan əvvəl adətən iki namizəd yarışıb. Lakin bu dəfə yüksək seçici fəallığı (67 %) və fransız cəmiyyətinin qütbləşməsi ona gətirib çıxarıb ki, dairələrin əksəriyyətində üç, bəzilərində isə hətta dörd namizəd yarışacaq.
"Ipsos" sosioloji mərkəz "Milli Birlik" partiyasının parlamentdə 280-dək yer alacağını proqnozlaşdırır.
"Cordan Bardella başda olmaqla partiya 2022-ci ilin seçkiləri ilə müqayisədə nəticələrini təxminən iki dəfə artırıb, ona görə də ilk dəfə hakimiyyəti qazanacağına ümid edir", - qəzet yazıb.
Artıq birinci turda yenidən deputat seçilən "Milli Birlik" partiyasının siması və onun sabiq rəhbəri Marin Le Pen seçicilərə parlamentdə partiyaya "mütləq çoxluq" verməyə çağırış edib.
"Bizə mütləq çoxluq lazımdır ki, Emmanuel Makron Cordan Bardellanı səkkiz gündən sonra baş nazir təyin etsin", - Le Pen deyib və əlavə edib ki, qələbə "Milli Birıik" partiyasına "Fransanın bərpası üzərində" işləməyə və "ölkənin aqressiv ifrat solçu fanatların əlinə keçməsindən" yan keçməyə imkan verəcək.
Dünən solçuların tərəfdarları kütləvi etiraz aksiyalarına çıxıb. Parisdə xalqın iradəsinin ifadəsinin nəticələrindən narazı olan təxminən 8 minə yaxın nümayişçi Respublika meydanında toplaşıb. Aksiyaya aparıcı siyasətçilər qoşulub.
"Fəth edilməz Fransa" sol partiyasının təsisçisi Jan-Lyuk Melanşon üçüncü yerdən ikinci tura keçən namizədlərə öz namizədliklərini geri götürməyə və "Milli Birlik" partiyasına qalib gəlmək üçün yaxşı mövqedən çıxış edən namizədə səs verməyə çağırış edib.
"Ona bir səsdən, bir yerdən artıq səs verməyin", - Melanşon deyib. Digər sol partiya liderləri də analoji çağırışla çıxış edib.
Etiraz aksiyaları Nant, Dijon, Lill və Marseldə keçib. Fransanın üçüncü böyük şəhəri olan Loinda etirazçılarla polis arasında toqquşmalar baş verib.
Nümayişçilər küçələrdə improvizə edilən barrikadalar qurub və polislərə şüşə qablar və fişəng atmağa başlayıb. İğtişaşlar nəticəsində mağazaların vitrinləri sınıb.
"Fiqaro" qəzetinin müstəqil jurnalist Kleman Lanota istinadən yazdığına görə, Parisdə Parmentye küçəsində etirazçılar polisə fişəng atıb, cavabında onlar gözyaşardıcı qumbaralar tətbiq edib.
Fransa prezidenti Emmanuel Makron seçicilərə ikinci turda sağçıları blok etməyə çağırış edib.
"Milli Birlik" qarşısında ikinci turda böyük demokratik və respublikaçı birlik nümayiş etdirmək zamanı yetişib", - o, bəyan edib.
Xatırladaq ki, iyunun əvvəlində Avropa Parlamentinə keçirilən seçkilər nəticəsində Fransada sağ qüvvələrin qələbəsindən sonra Makron növbədənkənar parlament seçkiləri təyin edib.
Əlavə edək ki, bu, Makronun özünün vəziyyətinə toxunmayacaq, çünki Fransada prezident müstəqil səsvermə ilə beş il müddətinə seçilir, o, 2022-ci ildə ikinci müddətə seçilib.