AZ

Naxçıvanda QIŞ HAVASI – FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin əməkdaşları hiking turu çərçivəsində Ordubad rayonu ərazisində yerləşən Göygöl şirin su hövzəsində olublar.

Bu barədə elm ocağının əməkdaşları sosial şəbəkədə paylaşım ediblər.

Fotolardan görünür ki, hazırda yay fəsli olmasına rəğmən, Göygöldə əsl qış havasıdır.

Hiking turu iştirakçısı, şair Elxan Yurdoğlu “Göygölə səfər düşüncələri” adlı şeiri ilə səfər təəssüratlarını bölüşüb:

Əl-üzümü buludlarda yumuşam,
Dağ mehində qurulanıb çıxmışam.
Vətənimin hər tərəfi cənnətdir –
Dağlarına qürurlanıb çıxmışam.

Ətrinə şeh hopub kəklikotunun,
Solmaz bu yerlərin solmazçiçəyi.
Bir dəfə də büdrəmədi ayağım –
Yol boyunca hər yan uğurböcəyi.

Göy mavidir, dağlar bəyaz, yer yaşıl,
Çiçəkləri qırmızıdır, sarıdır.
Bu yerlərdə ac qalmazsan, əmin ol,
Təbiətdən nə istəsən varıdır.

Rəngbərəng çiçəklər ilmə kimidir,
Təbiət ananın hanası üstə.
Otların meh ilə pıçıldaşması
Təkrarı olmayan ilahi bəstə.

Günəş zirvələrə baxar qıyqacı,
Qarlar üzaşağı əriyər, axar.
Çay qolları şırım açar dərədə,
Saqqarsuyun şaqqıltısı nər yıxar.

Dörd fəsildir Göygölün dörd tərəfi,
Yaz da, yay da, payız, qış da burdadır.
Dağı aşsan Gəmiqaya görünür,
Nuhdan gələn yaranış da burdadır.

Xatırladaq ki, şirinsulu, axarlı Göygöl Naxçıvan Muxtar Respublikasının (NMR) Ordubad rayonunun Nürgüt kəndi ərazisi yaxınlığındadır. Göl Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir. Gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Suyu şəffaf göyümtül rəngə çaldığına görə Göygöl adlandırılıb. Göygöl Saqqarsuyun da əsas mənbəyidir. Dağ ətəkləri boyunca əmələ gələn ərinti suları çayın sululuğunu daha da artırır.


 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
referans.az

1Mənbələr