BMT-nin himayəsi altında Əfqanıstan üzrə çoxtərəfli danışıqların iştirakçıları Qətərdə toplaşıblar. Bu formatda keçirilən görüşdə ilk dəfə olaraq “Taliban” hərəkatının nümayəndə heyəti iştirak edir. Söhbət beynəlxalq səviyyədə tanınmadan – 2021-ci ilin avqustundan Əfqanıstanı de-fakto idarə edənlərlə qarşılıqlı əlaqə modelinin hazırlanması cəhdindən gedir. Kabil sosial-iqtisadi problemlərin həlli və sanksiyaların aradan qaldırılması üçün kömək gözlədiyi halda, dünya ictimaiyyəti artan terror təhlükəsindən narahatdır.
Ötən bazar günü axşam Dohada nümayəndə heyətlərinin birgə şam yeməyi ilə başlayan BMT-nin Əfqanıstan üzrə iki günlük konfransında 25 ölkədən diplomatlar iştirak edir. BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə ötən ilin mayında və bu ilin fevralında keçirilən Əfqanıstan üzrə əvvəlki iki konfransdan fərqli olaraq, müzakirə faktiki Əfqanıstan hakimiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilir. Belə ki, “Taliban” hərəkatının nümayəndə heyəti Dohaya gəlib. Altı nəfərdən ibarət nümayəndə heyətinə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid başçılıq edir. Bundan əvvəl “Taliban” BMT-nin himayəsi altında Doha görüşlərində iştirakdan imtina edərək, Qətərə Kabildə hakimiyyəti dəstəkləməyən əfqan vətəndaş fəallarının dəvət edilməsi və qadınların vəziyyəti ilə bağlı sual vermək cəhdləri ilə razılaşmadığını bildirib. Lakin bu dəfə tərəflər kompromisə nail ola biliblər. Dohada keçirilən görüşün təşkilatçıları Əfqanıstanda qadınların vəziyyəti ilə bağlı həssas məsələni müzakirəyə çıxarmamağa razılaşıblar. Eyni zamanda, konfrans iştirakçıları hələ də Əfqanıstan vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən hüquq müdafiəçiləri və qadınlarla görüşmək niyyətindədirlər.
“Biz danışıqlar prosesini qurmağa və vacib məsləhətləşmə mexanizmini qoruyub saxlamağa çalışırıq. Biz hər bir görüşün bu prosesdə, xüsusən də etibarın hələ kifayət etmədiyi bu ilkin mərhələdə nə qədər vacib olduğuna dair realist olmalıyıq. Bu prosesin həqiqətən başlaması üçün de-fakto hakimiyyətin konfransında iştirak etmək lazımdır”, - BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otunbayeva vurğulayıb. Onun sözlərinə görə, “belə qarşılıqlı əlaqə Əfqanıstan rejiminin legitimliyi və ya normallaşması demək deyil”. Danışıqlar prosesinin məqsədi, xanım Otunbayevanın bildirdiyinə görə, “Kabilin de-fakto hakimiyyətinə beynəlxalq birliyə yenidən inteqrasiya etməyə imkan verəcək qərarlar qəbul etmək üçün güclü stimul yaratmaqdır”. Rusiya tərəfinin “Taliban”ı Rusiya Federasiyasında qadağan olunmuş terror təşkilatları siyahısından çıxarmaq niyyəti ilə bağlı bəyanatlarına münasibət bildirən Roza Otunbayeva deyib ki, bu, fakt olacaq, burada müzakirə olunacaq heç nə yoxdur: “Başa düşürəm ki, çox yaxında fərman imzalanacaq və “Taliban” terror təşkilatları siyahısından çıxarılacaq. Oxşar addımı bildiyiniz kimi, Qazaxıstan da atmışdı. Bu, bu ölkələrin siyasi qərarıdır, biz bunu, sadəcə, fakt kimi qəbul edəcəyik”.
Kabillə beynəlxalq ictimaiyyət arasında yaxınlaşma prosesi Moskva və onun müttəfiqlərinin Əfqanıstanın de-fakto hakimiyyəti ilə qarşılıqlı əlaqə yaratmaq üçün atdığı son addımlarla intensivləşir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan bütün ölkələr “Taliban” hərəkatı hökuməti ilə layihələrin həyata keçirilməsinə yönəlmiş daimi dialoqun qurulmasının zəruriliyi barədə razılığa gəliblər. Eyni zamanda, KTMT-nin iclasının yekunları üzrə çıxış edən S.Lavrov Əfqanıstan ərazisindən təhdidlərin davam etməsinə xüsusi diqqət çəkərək vurğulayıb ki, ölkədə “İslam Dövləti”, “Əl-Qaidə” və onlarla bağlı olan qurumlarının yuvaları və döyüş qabiliyyətli dəstələri qorunub saxlanılır. ““Taliban” hökuməti bu terror qruplaşmalarına qarşı mübarizə aparır. Biz bu mübarizəyə kömək etməyi prinsipial olaraq vacib hesab edirik”,-deyə nazir qeyd edib.
Pakistan nümayəndəsi Asif Durrani Dohada keçirilən konfrans ərəfəsində bəyan edib ki, Əfqanıstandan gələn terror təhlükəsi getdikcə kəskinləşir. “Biz Əfqanıstanın müvəqqəti hökuməti ilə dialoqu asanlaşdırmaq üçün Dohada Əfqanıstan üzrə üçüncü görüşü gözləyirik. Ümid edirik ki, Əfqanıstanın müvəqqəti hökuməti ölkədəki terror sığınacaqlarını aradan qaldırmaq üçün təcili addımlar atacaq”.
S.ELAY
XQ