AZ

“Deputat mütləq biznesmen olmalıdır deyə...” - Xalq artisti seçkilərə qatılır? 

Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Namizəd olmağı düşünənlər artıq bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edərək gündəmə gəlirlər. Lakin onlar arasında sənət adamlarına rast gəlmək olmur. 

Dünya təcrübəsinə nəzər salsaq, parlamentdə teatr xadimlərini, incəsənət adamlarını tez-tez görmək mümkündür. İndiyə kimi qardaş ölkə Türkiyənin təcrübəsində mədəniyyət adamlarının deputat olmasının dəfələrlə şahidi olmuşuq. 

Bəs görəsən, bizdə niyə mədəniyyət adamları seçkilərdə iştirak etmək istəmir? Buna potensialları çatmır, yoxsa özləri istəmirlər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, peşəsindən asılı olmayaraq, hər kəs deputatlığa namizəd ola bilər: 

“Millət vəkilliyi peşə seçiminə görə bölünəcək bir məsələ deyil. Millət vəkili olmaq istəyən hər kəs namizədliyini irəli sürüb seçilə bilər. 

Azərbaycanda keçmiş Sovet dönəmində də Milli Məclisdə xeyli sənət adamı olub. Elə müstəqillik dövründə də parlamentdə sənət adamları olub, Zeynəb Xanlarova, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Mikayıl Mirzə buna misaldır”. 

Aktyor bildirib ki, özünü bu xalqa faydalı hesab edən hər bir sənət adamı bu marafona qoşula bilər: 

“Seçkiqabağı sənət adamlarından kim istəyirsə, özünü hazır hesab edirsə, xalqa fayda verəcəyinə inanırsa, millət vəkili kimi bu millətə daha faydalı olacağını düşünürsə, buyurub seçki marafonunda iştirak edə bilər. Seçilər nə yaxşı, seçilməzsə də səbr edər, arzusu, istəyi olarsa, növbəti dəfə də seçkiyə qatılar. Bu seçim məsələsidir və Azərbaycan Respublikasının hər bir vətəndaşı seçki prosesinə qoşula bilər. Bu, peşədən asılı olan məsələ deyil. Millək vəkili mütləq hüquqşünas, biznesmen, müəllim olmalıdır deyə bir qayda yoxdur, peşənin bu məsələyə dəxli yoxdur. Peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı seçki üçün namizədliyini irəli sürə bilər”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
yenisabah.az

1Mənbələr