AZ

Ermənistanla sülh şansı daha da böyüdü- ABŞ Azərbaycanı dəstəklədi...

Image

“BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü münaqişənin həllinə nail ola bilmədi, daha doğrusu, olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata keçirdiyi işğalın müxtəlif səbəblər üzündən həmişəlik olmasını istəyirdi”. Bunu  prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bildirib. 

Dövlət başçısı bu qənaətə prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini deyib.

Bununla yanaşı, prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü xatırlayıb və bütün bunların heç bir nəticə vermədiyini bildirib. Bundan başqa, dövlət başçısı bildirib ki, hazırda Azərbaycan və Ermənistan ikitərəfli səviyyədə daha yaxşı nəticələr görür: “Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”. Dövlət başçısının sözlərinə görə, bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir: “Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”. Azərbaycan prezidenti qeyd edib ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik: “Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”. Amma prezident İlham Əliyev qeyd edib ki, bu, onlar konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq. 

Sülh  üçün əlverişli zamanın olduğunu təkcə Azərbaycan bəyan etmir. ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var: “Ölkələr arasında sülh sazişi üçün müstəsna imkan var ki, bu da onilliklərlə davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”. Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb: "Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn da Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinin sülhə imkan verdiyini bildirir. O, etimada misal olaraq Ermənistanın Azərbaycanın COP konfransı keçirməsinə dəstəyini, Azərbaycanın əsirləri azad etməsini, sərhədin demarkasiyasına başlanmasını, dörd kəndin Azərbaycana qaytarılmasını göstərib: “İstənilən sülh müqaviləsinin əldə edilməsi son dərəcə çətindir, çünki burada müharibənin buraxdığı iz var”. Onun sözlərinə görə, bu mənada iki tərəf arasındakı hazırkı dialoq əhəmiyyətlidir, çünki burada söhbət təkcə bugünkü siyasətdən getmir, tərəflər əmin olmaq istəyirlər ki, əldə olunan razılaşma gələcək münaqişələrin qarşısını ala biləcək: “Düşünürəm ki, bu istiqamətdə bu yaxınlarda sərhədin demarkasiyasına başlanması son dərəcə əhəmiyyətli addımdır. Bu onu göstərir ki, tərəflər, hətta ölkə daxilindəki siyasi məqamlara baxmayaraq, bu prosesi davam etdirmək istəyirlər. Tərəflər arasında etimad hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yetkinliyini nümayiş etdirəcək. Hazırda Rusiya bu prosesdən kənardadır, lakin proses uzun çəkərsə, Rusiya qayıdaraq əngəl törətməyə çalışa bilər. Belə bir şəraitdə irəliləyişə nail olmaq mühümdür”. Azərbaycan və Ermənistan arasında danışıqlarda ABŞ-ın birbaşa vasitəçiliyi məsələsinə gəlincə, O'Brayn deyib: “Biz bir ildən də artıq müddətdir bəyan edirik ki, tərəflərin produktiv hesab etdiyi bütün formatlarda danışıqlar prosesinə ev sahibliyi etməkdən məmnunuq. Biz “Vaşqinton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi” əldə olunmasına təmənnalı deyilik. Amma bu istiqamətdə tərəflərə dəstək verməyə hazırıq. Mən ümid edirəm ki, xarici işlər nazirləri tezliklə görüşmək imkanına malik olacaqlar. Vaşinqton yenə də bu danışıqlara ev sahibliyi etməyə hazırdır. İki tərəf hazırda birbaşa dialoqdadır. Onlar bunu öz xalqları üçün edirlər və biz bu prosesin dostu olmağa həmişə hazırıq”. ABŞ rəsmilərinin dediklərindən belə nəticəyə gəlmək olur ki, artıq Vaşinqton da Bakı və İrəvan arasında birbaşa təmasları qəbul edir. Beləliklə, ABŞ sülh müqaviləsinin imzalanması ilə bağlı ortaya konkret mövqe qoyub. Bu fonda ABŞ Ermənistanın sərhədlərindən, hava məkanından Rusiyanı çıxarmaq istəyir. Buraya Gümrüdəki hərbi baza da daxildir. Ermənistanla Azərbaycan arasında sülh Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına şərait yaradacaq. Bu da imkan verəcək ki, Azərbaycan və Ermənistan üzərindən Türkiyəni Mərkəzi Asiya ilə bağlayan infrastruktur inşa edilsin. Mərkəzi Asiya ölkələrinin Çin və Rusiyanın iqtisadi asıllığından qurtulmasının yeganə yolu Azərbaycandır. Bunlar ABŞ-da da nəzərə alınır. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
baki-xeber.com

10Mənbələr