AZ

Sülhün başlıca şərti...

Ermənistanın konstitusiyası dəyişmədən mümkün deyil

Sülh prosesi ilə bağlı hazırda müsbət açıqlamalar eşidirik. Azərbaycan birmənalı olaraq  sülh sazişini imzalamağa hazırdır. Dövlətimizin irəli sürdüyü sülh şərtləri məlumdur – Azərbaycan prosesin şəffaf və beynəlxalq hüquq müstəvisində tənzimlənməsində maraqlıdır. Ölkəmiz regionda davamlı sülhün formalaşdırılması istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi üçün Azərbaycanın irəli sürdüyü şərtlər real zəmindir. Dövlətimizin təqdim etdiyi və dayanıqlı sülhün söykənəcəyi 5 baza prinsiplərinə nəzər saldıqda bunu görməmək mümkün deyil. Sülhün bütün detalları Azərbaycanın mövqeyi ilə uzlaşdırılır -  Ermənistan isə sonda bu qərara imza atmaqla həm özünü xilas edəcək, həm də yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Dünyanın güc mərkəzləri, beynəlxalq qurumlar da bu yöndə çağırış və gözləntilərini mütəmadi açıqlayır. 2024-cü ilin sülh ili olmasına böyük ümidlər bəslənir. Ermənistan yetkililəri də sözdə bunu arzuladıqlarını deyirlər. Son olaraq İrəvanda keçirilən Ermənistan-ABŞ strateji dialoqun ikinci iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini tarixi məqam adlandırıb: “Sülh müqaviləsi layihəsinin hazırlanmasının tamamlanması üçün real bir imkan, tarixi məqam var və onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni bir qapı aça bilər. Ermənistan regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”.

Lakin fakt ondan ibarətdir ki, Ermənistan sülhə əngəl olan amilləri aradan qaldırmır, təcavüzkarlıq, işğalçılıq əks olunan  konstitusiyasını dəyişmir. Beləliklə, sülh ləngiyir. Ararat Mirzoyan iyunun 4-də Ermənistan parlamentində çıxış edərkən bildirmişdi ki, Ermənistan və Azərbaycan konstitusiyaları uzunmüddətli sülhün bərqərarı üçün problem ola bilməz.

Bir tərəfdən sülh sazişi üçün tarixi şəraitin çatdığından danışan rəsmi İrəvanın o biri tərəfdən sülh sazişinin imzalanmasına konstitusiyasının mane olmadığını bəyan edir.

Bu ölkənin konstitusiyasının dəyişdirilməsi isə Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa əsas qanunundan ərazi iddiaları olan müddəaları çıxarmalıdır. Lakin rəsmi İrəvan hələ də prosesi uzatmaqla məşğuldur. Amma gec-tez buna getməyə məcburdur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı layihənin 2026-cı ilə qədər hazırlanması barədə tapşırığı da bunun göstəricisidir.

İyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla bağlı məsələlərdən də danışıb. Dövlət başçısı deyib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Prezidentin sözlərinə görə, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. O qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara, demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Dövlət başçısı kanadalı diplomatla görüşdə Azərbaycanın daha bir şərtindən bəhs edərək bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

İlham Əliyev sülhlə bağlı sənədin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra biləcəklərini qeyd edib. O, Ermənistanla sülhə dair razılaşmanın başlıca prinsiplərini də diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi: “Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Bu kimi ismarışlar dövlət başçısının Ermənistana və havadarlarına açıq-aşkar şərtidir. Prezidentin ismarışları ABŞ-nin dövlət katibi Antoni Blinkenin Brukinqs İnstitutunda çıxışına da müəyyən mənada cavab sayıla bilər.

Dövlət katibi deyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb. ABŞ-nin baş diplomatı bildirib ki, bu saziş onilliklərlə davam edən münaqişəyə son qoyacaq və iqtisadi əlaqələr, iqtisadi inkişaf, Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələr baxımından böyük imkan yaradacaq: “Azərbaycan bu işdə çox böyük rola malikdir. Biz diplomatiya yolu ilə fəal şəkildə iş apararaq Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdıq. Biz bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq və koordinasiya həyata keçirmişik. Düşünürəm ki, bu, həqiqətən, mümkündür. Mən, təxminən, bir həftə əvvəl bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Düşünürəm ki, bu mümkündür və tam mənada Azərbaycanla Ermənistanın, bütün regionun maraqlarına xidmət edir”.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
ikisahil.az

1Mənbələr