AZ

Elektrik kartı bloklandı, qonşusunu döydü - QƏRAR

Ali Məhkəmədə Hacıqabulda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bəşir Bəşirovun kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə 5 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Hacıqabul rayonunun 2-ci Udulu kəndində qeydə alınıb.

 

Belə ki, sərxoş vəziyyətdə olan Bəşir Bəşirov evinə elektrik cərəyanın verilməsi ilə bağlı elektrik kartına 5 manat yükləməyə çalışsa da, alınmayıb. Yəni kart bloklanıb. O, kartın bloklanmasını açmaq məqsədi ilə yaşadığı ərazidəki transformatordan elektrik cərəyanının verilməsini açarla bir neçə dəfə ayırıb-birləşdirib (işıqları söndürüb-yandırmaqla). Bu zaman elektrik cərəyanının verilməsində fasilələr yaranıb. Bundan narahat olan Bəşirin həmkəndlisi və qonşusu, zərərçəkmiş Ş.Atakişiyev küçəyə çıxıb. Zərərçəkmiş qonşusunun etdiyi hərəkətlərə görə ona irad bildirib. Təqsirləndirilən şəxs də onu söyüb və aralarında mübahisə yaranıb. Sonra onlar əlbəyaxa olaraq dalaşıb. Nəticədə Bəşir qonşusunun boynundan tutub özünə tərəf çəkib ona bir dəfə yumruq zərbəsi endirərək xəsarət yetirib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin Bəşir Bəşirova 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Ali Məhkəmə isə həmin hökmü ləğv edərək cinayət işinin yenidən apellyasiya məhkəməsinə göndərib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub, məhkumun Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə bəraət verilməsinə və Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirib. Belə ki, Bəşir Bəşirov 2 il 3 ay 21 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

 

Kamal Məmmədov

Tarix: 3 İyul 2024, 10:19   
Seçilən
74
pravda.az

1Mənbələr