AZ

"Alverçi" - "Bir rəsmin dedikləri"

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fizzə Nurizadədir. Onunla Əməkdar rəssam Müseyib Əmirovun "Alverçi" əsəri haqqında danışmışıq.

Müseyib Əmirov 1963-cü ildə Bakıda məşhur rəssam Arif Əmirovun ailəsində doğulub. O, 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1987-ci ildə indiki Azərbaycan Dövlət və Mədəniyyət Universitetini bitirib. Rəssamın əsərləri bir sıra muzey və qalereyalarda, Azərbaycan, Rusiya, ABŞ, İsveç, Fransa, Almaniya, Litva, Böyük Britaniya, Türkiyə, İtaliya, Danimarka və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.

 

- "Alverçi" tablosunda rəssamın özünəməxsus üslubunu hansı detallarda görə bilərik?

- Müseyib Əmirov Abşeron çimərliklərini və cənub günəşi altında ağ evləri çəkirdi. Rəssam Abşeronun gözəlliklərini kətana tökməyə çalışdıqca sanki öz uşaqlıq illərinə səyahət edir. Bu əsərlər sırasında "Abşeron", "Çimərlik",  "Alverçi", "Dəniz kənarında axşam" kimi məşhur əsərlərinin adlarını qeyd edə bilərik. Rəssamın əsərlərində avropasayağı  dəqiqliklər olsa da,  azərbaycansayağı emosionallıq bariz şəkildə özünü göstərir.  Dəyərlərindən heç vaxt uzaqlaşmayan rəssam ölkəmizi yetəri qədər təmsil edən sənətçilərdəndir. Əsərlərindəki parlaq rənglər, müxtəlif tonlar, rəng çalarları rəssamın dəst-xəttinin necə fərqli olduğunun sübutudur.

- Əsərin kompozisiyası və rəng həlli haqqında nə deyə bilərik?

- Rəssam Müseyib Əmirov  "Alverçi" tablosunu kətan üzərində yağlı boya ilə işləyib. Rəng həllinə diqqət yetirsək, rəssam tabloda həm isti, həm də soyuq rənglərdən məharətlə istifadə edib. Əsər çoxfiqurlu kompozisiyadır. Tablonun mərkəzində alverçi obrazı yer alır. Bu obrazın daha böyük verilərək diqqəti çəkməsi tamaşaçılarda maraq oyadır və bir sıra müzakirələrə gətirib çıxarır. Kompozisiyanı təşkil edən hər bir hissə bir-biri ilə sıx əlaqəlidir.  Rəssam həyatını rəngsiz təsəvvür etmir, rəngkarlıq onun həyatının bir parçasıdır. O öz rəsmlərini kətana köçürdüyü zaman ruhunda yaranmış boşluğu rəsmlərindəki təbiət, hava şəraiti, insanlar, dağlar, çaylar və hətta musiqi ilə doldurmağı bacarır.

- Tablo hazırda harada saxlanılır?

- "Alverçi" (150x250) 2015-ci ildə çəkilib. Hazırda İçərişəhərdə yerləşən QGallery (Qız Qalası Art Gallery) də saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Müseyib Əmirov bu tabloda bir çox məqamlara toxunub və hətta ilk baxışdan rəsmin mənasını hiss etmək olur. Əsərdə diqqət əsas obraza - mərkəzdə dayanan alverçiyə yönəlir. Bu obraz çoxumuza tanışdır. Dəniz mövsümündə adətən alverçilərlə qarşılaşırıq. Rəssam tablonu real həyata əsaslanaraq işləyib. Çünki uşaqlığını dəniz kənarlarında keçirmiş rəssamın yaradıcılığında şahid olduğu nüanslar xüsusi yer tutur.

Tabloda dəniz, gəmi, istirahət edən insanlar, it və alverçi yer alıb. İlk baxışda tablo yay fəslində insanların istirahətinin əksi kimi görünür. Dincələn insanlardan fərqli olaraq  yayın istisində dənizdə müxtəlif məhsulların alveri ilə məşğul olanlar alverçi obrazında cəmlənib. Obrazın çiyninə atdığı yük isə daha dərinliklərə ensək, bəlkə də insanın öz mənəvi yüküdür. Personajın üz cizgiləri tam dəqiqliklə verilməyib. Lakin diqqətlə baxdıqda alverçinin yorğun və bitkin siması olduğunu görmək olur. Ümumiyyətlə, tabloda heç bir personajın üz cizgiləri və bədən proporsiyaları tam aydın şəkildə verilməyib. Bu da rəssamın özünəxas xüsusiyyətidir. Müseyib Əmirovun digər əsərlərində də  bunu görə bilərik. Rəssamın yaradıcılığında çimərlik, yay fəslinə aid təsvirləri çoxdur. Ancaq fikrimcə, bu əsərlər içərisində ən diqqətçəkən və həyatın reallığını  daha çox əks etdirən məhz "Alverçi" tablosudur.

Aytac SAHƏD






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
525.az

1Mənbələr