Macarıstan Türk İnvestisiya Fondunun fəaliyyətinə qoşulmağı səbirsizliklə gözləyir.
Bunu "Report"a müsahibəsində Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman deyib.
O qeyd edib ki, Macarıstan 2018-ci ildə TDT-də müşahidəçi statusuna yiyələnib və 2019-cu ildə Budapeştdə təşkilatın Avropa Nümayəndəliyi açılıb:
"O vaxtdan biz türk dövlətləri ilə əməkdaşlığımızın, xüsusilə siyasi, iqtisadi və mədəni sahələrdə dərinləşməsi üçün mühüm platformaya çevrilən TDT-nin tədbirlərində və fəaliyyətlərində fəal iştirak edirik. Bu yaxınlarda Budapeşt ofisinin nəzarəti altında TDT-nin Quraqlığın Qarşısının Alınması İnstitutu yaradılıb və biz yaxın gələcəkdə Türk İnvestisiya Fondunun fəaliyyətinə qoşulmağı səbirsizliklə gözləyirik. Onu da qeyd etmək lazımdır ki, Macarıstan TDT-nin özündən başqa, Bakıda yerləşən digər türk təşkilatları, TÜRKPA və Türk Mədəniyyəti və İrsi Fondu ilə əla və fəal əməkdaşlıq edir".
Səfir bildirib ki, Macarıstanın türk dövlətləri ilə əlaqələri institutlaşdırılıb:
"İstifadə edə biləcəyimiz yaxşı işləyən əlaqələr şəbəkəsi var. TDT-də müşahidəçi statusumuz əməkdaşlıq üçün geniş imkanlar yaradır və biz aktual məsələlərə birgə cavab axtara bilirik. TDT-yə tamhüquqlu üzv kimi qoşulmağa gəldikdə hesab edirəm ki, əməkdaşlığın substantiv məsələləri institusional çərçivənin özündən daha vacibdir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.