Ölkəmiz öz qazı ilə yanaşı həm də Türkmənistan qazının nəqlinin təşkilində mühüm rola malikdir
İndiyədək Azərbaycandan Avropaya 38 milyard kubmetrə yaxın Azərbaycan qazı tədarük edilib. Bu barədə energetika naziri Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşdə məlumat açıqlanıb. Görüşdə enerji sahəsində və Azərbaycanın COP29-a, İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib.
Məlumata görə, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub. Bu il İtaliyaya qaz tədarükünün 9,6 milyard kubmetr proqnozlaşdırıldığı, TAP-ın 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetrə qədər genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib. “Ansaldo Energia” şirkəti ilə hazırda inşa olunan 1280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib.
Nazir bildirib ki, Azərbaycanın 1300 MVt-lıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 MVt külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planları uğurla reallaşır: “Bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard dollardan çox investisiya dəyərində 2 QVt-dək günəş-külək elektrik stansiyalarının inşası bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldəcək”.
O da əlavə edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 QVt-dan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa”, həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön plana çıxarır.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz nəql etdiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi üzərində işləyir. Artır dəhlizin bir seqmenti olan TANAP kəmərinin genişləndirilməsi üçün müzakirələr başlanıb. Eyni zamanda dəhlizin Avropadakı hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün artırılması da gündəmdədir. Azərbaycanın 2022-ci ildə Avropa İttifaqı ilə imzaladığı enerji sahəsində əməkdaşlığa dair memoranduma əsasən 2027-ci ilədək Azərbaycandan Avropaya qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycan Energetika Nazirliyinin rəsmi məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında ölkədə 20,9 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 5,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 11,6 milyard kubmetri “Şahdəniz”, 0,65 milyard kubmetri “Abşeron”, 3,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,7 milyard kubmetr artımla qaz hasil edilib.
5 ay ərzində xaricə qaz satışı 10,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Avropaya 5,3 milyard kubmetr, Türkiyəyə 4,1 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.
İyunun 4-də Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Avropada Azərbaycan qazına tələbin getdikcə artdığını bildirib. Ölkənin ən böyük qaz yatağı olan “Şahdəniz”in işə salınmasını mühüm tarixi hadisə kimi dəyərləndirən Prezident onun Azərbaycanda qaz qıtlığını aradan qaldırdığını qeyd edib: ""Şahdəniz" Azərbaycanda qaz qıtlığına son qoydu. Çünki ondan əvvəl biz təbii qazı idxal edirdik, indi onu ixrac edirik və bizim ixracımız artır, çox güman ki, bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi. Bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.
Dəfələrlə dediyimiz kimi, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. İdxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır. Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb".
İ.Əliyev etibarlı tərəfdaş olduğuna görə Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini deyib: “Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Ötən ilin oktyabrında "Masdar" şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib. İndi isə daha 1 qiqavat enerji həcmi əlavə edilir.
Hazırda iki layihə işlənilməkdədir - onlardan biri inşaat mərhələsindədir, digərinin tikintisi isə tezliklə başlanacaq. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.
Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir".
Azərbaycan öz qazı ilə yanaşı həm də Türkmənistan qazının Avropaya nəqlinin təşkilində mühüm rola malikdir. Bakı Enerji Həftəsinin ilk günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında 14 may 2024-cü il tarixində imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Türkmən qazının Türkiyəyə çatdırılması, oradan Avropaya qaz nəqli potensialını artırır.
Azərbaycan hazırda öz qaz hasilatını artırmaq üçün işləri sürətləndirir. Ölkənin ikinci əsas qaz yatağı olan “Abşeron”da ikinci mərhələ üzrə fəaliyyətlərin aktivləşməsi də bura aiddir. SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun dediyinə görə, “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər.
Avropa İttifaqı isə hədsiz mülayim keçən ötən qışdan daha çox ehtiyatla çıxdığına görə anbarlarına qaz vurulmasını minimum səviyyəyə endirib. İyunda Avropanın yeraltı qaz anbarlarından 711 milyon kubmetr qaz götürülüb ki, bu da ötən ilin göstəricilərindən 7 faiz azdır. "Gas Infrastructure"nin məlumatına əsasən ay ərzində anbarlara vurulan qazın həcmi 9 milyard kubmetr təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 7 faiz az və 2014-cü ildən bəri minimumdur.
Avropa anbarlarında qaz ehtiyatları 30 iyun tarixinə 77,39 faizə yüksəlib ki, bu da son beş ildəki orta göstəricidən 10,06 faiz bəndi yüksəkdir. Ötən ayın sonunda onlarda 85 milyard kubmetr qaz var idi.
Avropa terminallarından Aİ qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) nəqli iyun ayında kəskin şəkildə azalaraq 8 milyard kubmetrdən azca çox təşkil etməklə 2021-ci ilin noyabr ayından bəri ən aşağı göstərici olub. Bu, həmçinin may ayına nisbətən 32 faiz, 2023-cü ilin iyunu ilə müqayisədə isə 13 faiz azdır.
Ümumilikdə 2024-cü ilin əvvəlindən Avropa qaz nəqli sisteminə terminallardan LNG tədarükü təxminən 58,5 milyard kubmetr təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz azdır.
Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) 26 iyun tarixinə olan məlumatına görə, 2024-cü ildə LNG tədarükü Avropanın qaz mənbələri arasında payına görə birinci yerdədir - 36 faiz. İkinci yerdə 29 faiz payla Şimal dənizindən tədarüklər (əsasən Norveç qazı) gəlir. Qalan 35 faiz təchizat Rusiya, Əlcəzair, Azərbaycan, Ukraynadakı anbarlar hesabına həyata keçirilib.
Bu ilin sonunda Rusiyadan Ukrayna üzərindən qaz nəqlinin dayanması gözlənilir ki, bu da Aİ-nin əlavə 14-15 milyard kubmetr qaz ehtiyacının yaranmasına gətirib çıxaracaq. Brüssel artıq bu həcmlərin təmin olunması üçün addımlar atıldığını açıqlayıb. Bu addımlar arasında Azərbaycandan qaz nəqlinin artırılması da var.
Yeri gəlmişkən, bu ilin birinci yarısında Avropada qazın 1 000 kubmetrinin orta qiyməti 332 ABŞ dollarına yaxın səviyyədə olub. Bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi (494,3 dollar) ilə müqayisədə 32,8 faiz azdır.
Dünya SAKİT,
“Yeni Müsavat”