Böyük Britaniyada seçki ərəfəsində Rişi Sunakın fotosu gündəm olub.
KONKRET.az xəbər verir ki, sosial şəbəkədə yayılan bir şəkil səs-küyə səbəb olub. Fotoda baş nazir Sunak və İngiltərədə ən çox döymə etdirən aktrisa Bekki Holt yer alıb.
Səhər proqramına qatılan Bekki Holt döymələrindən danışarkən və sualları cavablandırarkən, baş nazir Sunakın isə arxa planda növbəsini gözlədiyi görüntülənib.
Sunakın bu şəkli həm sosial mediada, həm də mətbuatda trend mövzusuna çevrilib. Fotoya bir çox sosial şəbəkə istifadəçisi və jurnalist şərh yazıb. Müstəqil qəzetdən Ryan Coogan da ortaya çıxan görüntünü tənqid edənlər arasında idi:
“Hər gün baş nazirlə bağlı tamamilə boşboğaz və ya yöndəmsiz anların şahidi oluruq, hər biri əvvəlkindən daha utancverici və təəccüblü olur”.
Sosial şəbəkələrdə baş nazirin ümidsiz şəkildə səs qazanmağa çalışdığına dair sərt şərhlər var. Bundan əlavə, Coogan deyir ki, Sunak bu proqramla seçiciləri ilə vidalaşır.
Holt İnstaqramda Sunakla çəkdirdiyi fotosunu paylaşaraq “Bu gün baş nazirlə görüşdüyümə inana bilmirəm” sözlərini yazıb. O, həmçinin Sunakın həqiqətən gözəl və çox nəzakətli olduğunu bildirib: “Məndən hansı döymənin ən ağrılı olduğunu soruşdu. O, çox şirin idi və biz bir-birimizlə əl sıxaraq görüşdük”.
Rəsmiyyə Şərifova,
KONKRET.az