AZ

ŞƏT Zirvə toplantısında iştirak ölkəmizin nüfuzunun göstərcisidir -EKSPERT/ÖZƏL

Məlum olduğu kimi Prezident İlham Əliyev də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılıb. Dövlətimizin başçısı bu təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş toplantısında da iştirak etmişdi. Qazaxıstanın paytaxtı Astanada təşkil edilən toplantıya dəvət Azərbaycana olan yüksək etimadın daha bir nümunəsidir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi ekspert Kamran Bayramov deyib.

Kamran Bayramov bildirib ki, Asiya regionu ilə əlaqələrin genişləndirilməsi ölkəmizin xarici siyasət prioritetlərindəndir: “Cənab Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına qatılması, tədbir çərçivəsində ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsi, ondan xəbər verir ki, Asiya regionunda Azərbaycan çox əhəmiyyətli söz sahibi və regional aktor kimi qəbul olunur”.

Ekspert qeyd edib ki, təşkilatın Zirvə toplantısında Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü xüsusi əhəmiyyətə malikdir: “Görüşdə də vurğulanıb ki, Azərbaycanla Rusiya arasında münasibətlər müsbət inkişaf edir. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələr müsbət istiqamətdə irəliləyir. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar, təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədədir”.

K. Bayramov vurğulayıb ki, tədbirə ev sahibliyi edən Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə də görüş də xüsusi vurğulanmalıdır: “Bu görüşdə iqtisadi əlaqələr müzakirə olunub. Xüsusilə qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi də müzakirə olunub. Azərbaycana bununla bağlı böyük dəstək göstərilib. Eyni zamanda, Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu“ Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”i qarşıqlı investisiyaların təşviqüi baxımından olduqca vacibdir. Unutmayaq ki, Astana Ermənistan-Azərbaycan danışıqlarında platforma kimi qəbul olunub. Bu da Qazaxıstanın Azərbaycana olan dəstəyini ifadə edir”.

Azərbaycanla Çin arasında əlaqələr yeni müstəviyə qədəm qoydu

Ekspertin sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ən mühüm görüşlərdən biri Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüş idi: “Bu görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olundu. Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlıqdan bəhs edildi. Azərbaycanın Şanxay Əməkdaşlıq təşkilatında üzvülük statusunun artırılması ilı bağlı çox mühüm məlumatlar səsləndirildi. Görüşün əsas məqamlarından biri də ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması və dəstəklənməsi olmuşdur. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsi xüsusi qeyd olunmalıdır. Bu Bəyannamənin qəbul edilməsi Azərbaycanla Çin arasında əlaqələrin yeni müstəviyə qədəm qoyması daha geniş sahələri əhatə etməsindən xəbər verir. Bu o deməkdir ki, artıq Çin ölkəmizi regionda çox mühüm bir tərafdaş kimi qəbul edir. Bu nəinki siyasi səviyyədə , eyni zamanda, iqtisadi baxımdan da Azərbaycan və Çin üçün olduqca vacibdir. Nəzərə alsaq ki, iki ölkə bir çox regional layihələrin iştirakçısıdır, bu birgə Bəyannamənin imzalanması da məhz həm siyasi həm iqtisadi-ticari əlaqələrin genişlənməsinə səbəb olacaq. Azərbaycanın Avrasiya regionunda nüfuzunun və rolunun daha da artmasına xidmət edəcəkdir”.

Kamran Bayramov, Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş haqqında da danışıb. O bildirib ki,  bu vacib görüş üç ölkə arasında əvvəlki görüşlərin bir davamı idi: “Həmin görüşdə ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulandı. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edildi və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirildi.

Regional təhlükəsizliyin təmin olunması və ölkələrimizin müdafiə potensialının gücləndirilməsində mühüm faktor

Görüşdə ən əsas məqamlardan üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsinin təklif edilməsi oldu. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulandı. Bu, regional təhlükəsizliyin təmin olunması və ölkələrimizin müdafiə potensialının gücləndirilməsi, ordularımızın döyüş qabiliyyətinin artılması baxımında olduqca vacibdir. İndi biz artıq görürük ki, həqiqətən də Prezident İlham Əliyevin Zirvə toplantısında iştirakı həm Şanxay Əməkdaşlıq təşkilatında rolunun və nüfuzunun artmasından xəbər verir, həm də digər əhəmiyyətli təşkilat olan BRICS təşkilatını da Azərbaycanın marağının artıdığını gösətrir. BRICS-ə üzv olan dövlətlərin də ölkəmizin bu təşkilata üzv olmasında maraqlı olduğunu bir daha göstərir”.

Həmsöhbətimiz son olaraq qeyd edib ki, Azərbaycanda  noyabrda keçiriləcək COP29 konfransı ərəfəsində belə toplantılara qatılmaq ölkəmizə regional marağı artırır. COP29-da bir çox ölkələrin təmsilçiliyi səviyyəsi bu baxımdan yüksək olacaq.

Nigar Orucova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
ikisahil.az

1Mənbələr