AZ

Naxçıvanlı papaqçı: İnsanların 20 il əvvəlki zövqü ilə bugünkü arasında yerlə-göy qədər fərq var

Naxçıvanlı

Naxçıvan, 4 iyul, AZƏRTAC

Qədimdən xalqımızın adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə uyğun el sənətləri yaranıb, inkişaf edib və günümüzədək gəlib çatıb. Papaqçılıq da onlardan biridir. Naxçıvan şəhərində də bu sənəti yaşadanlar var.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı uzun illərdir papaqçılıqla məşğul olan İsmayıl Babayevlə söhbət edib, bu sənətin incəlikləri barədə reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

“Uşaqlıq çağlarım atamın papaqçı köşkündə keçib”

Qızmar yay günündə yolumu Naxçıvan şəhərinin, sözün yaxşı mənasında, səsli-küylü, çal-çağırlı qaynar iş həyatının hökm sürdüyü Xətai küçəsindən salıram. Bərbəzəkli vitrinləri ilə ətrafa işıq saçan mağazalar arasında sıxışıb-qalan balaca bir köşkdə ətrafda baş verən hadisələrdən uzaq, öz işinə başı qarışan orta yaşlarında bir papaqçı görünür. Əlində hazırladığı materiala ilmələri zərgər dəqiqliyi ilə, yan-yörəsinə fikir vermədən elə vurur ki... Köşkün önündən keçən insanlar da bu yaradıcı aləmə biganə qala bilmirlər, bir neçə saniyə ayaq saxlayaraq sehrinə dalırlar bu bədii sənətkarlıq dünyasının. Düşüncələri əlindəki yarımtikili papağa o qədər cəmləşib ki, bayaqdan qapının kandarından ona baxdığımı belə hiss etmir. Nəhayət, onu bərk-bərk yapışıb buraxmayan düşüncələrdən ayırıram:

-Salam, usta, işiniz irəli olsun!

-Salaməleyküm, xoş gəlmişsiniz. Buyurun, eşidirəm sizi.

Usta əvvəlcə sifariş vermək üçün gəldiyimi zənn edərək, piştaxtada xüsusi zövqlə sərilən parçalardan bir neçəsini çıxarıb göstərir. Lakin özümü təqdim edəndən sonra “Buyurun əyləşin, bir çay için, o vaxtadək mən də (əlindəki papağı göstərir) işimi yekunlaşdırım, rahat söhbətimizi edək”, - deyir. O, işini görür, mən isə bir qədər yaradıcı əllərə, arabir də divarda səliqə ilə düzülmüş fərqli zövqlərə məxsus papaqlara tamaşa edirəm. Çox çəkmir ki, işini yekunlaşdıran ustaya, “Bu dədə-baba sənətinin incəlikləri barədə maraqlanıram” – deyib, söhbətə başlayıram. Məlum olur ki, ömrünün 35 ilini sənətə həsr edən, bu yolda, necə deyərlər, saçını ağardan İsmayıl Babayevə hələ də papaqçılıqla bağlı agah olmayan çox mətləblər qalır. Usta qədim yunan filosofu Sokratın “Mən bilirəm ki, mən heç nə bilmirəm” fikrini xatırladaraq deyir:

-Ömrünü-gününü sənətə həsr edən istənilən kəsdən peşəsi barədə soruşsan, hələ də öyrənməli çox şeyin olduğunu etiraf edər. Çünki zaman ötdükcə elm, texnologiya yeniləndiyi kimi, sənətə də yeni çalarlar əlavə olunur. Beləcə, sən nə qədər işinin mahiri olsan da, öyrənməli, tətbiq etməli çox incəliklər qalır. Hər dövrün tələbi də bir başqadır. İnsanların 20 il bundan öncəki zövqü ilə bugünkü zövq arasında yerlə-göy qədər fərq var. Yaxşı sənətkar isə dövrlə ayaqlaşmağı bacarmalıdır, yoxsa çətin ki, uğur qazana bilsin. Ötən əsrin 80-ci illərinin sonundan həyatımı bu sənətə bağlamışam. Bu da təsadüfən baş verməyib. Çünki özümü dərk edəndən babam Məşədi Cəfər və atam Məhəmməd kişinin papaqçılıqla məşğul olduğunu görmüşəm. Onlar Naxçıvanın tanınmış sənət adamları olublar. Uşaqlıq çağlarım atamın papaqçı köşkündə keçib, yəni, necə deyərlər, görüb-götürmüşəm. Müstəqillik illərində özümə gün-güzəran yarada bildim, bax indi gördüyünüz bu yeri də 2007-ci ildə götürmüşəm.

“Ən gözəl, keyfiyyətli papaq bir dəridən hazırlanandır”

İsmayıl usta papağın hazırlanma qaydasından söhbət açaraq deyir ki, yaxşı əl işinin alınması ilk növbədə, materialdan asılıdır: “Təcrübəmə əsasən deyə bilərəm ki, qaragül, sür və əntiq dərilərindən hazırlanan papaqlar həm görünüşü, həm də keyfiyyəti ilə seçilir. Özbəkistanda istehsal olunan həmin dərilər 5-7 günlük quzulardan alınır, daha sonra üzərinə kimyəvi maddələr vurulur ki, xarab olmasın. Tikmək üçün isə əvvəlcə papağa görə müəyyən edilmiş dərinin növü seçilir, sonra sifarişçinin baş ölçüsünə uyğun biçilib-kəsilir. Bəzən bir papağı hazırlamaq üçün bir neçə dəridən istifadə etməli olursan. Belə olan halda dərilərin rənginə xüsusi fikir verilməlidir. Çünki əgər azacıq da olsa fərq yaranarsa, bu, papağın keyfiyyətinə də təsirsiz ötüşməz. Ona görə də ən gözəl, keyfiyyətli papaq bir dəridən hazırlanandır. Paltara gözəl, cəlbedici görünməsi üçün ütü vurulursa, papaq da hazır olandan sonra xüsusi qəlibə salınmalıdır ki, şux görünsün”.

“Əvvəllər oğlan və qızlar başlarında milli papaqlarla gəzər, yaşlı kişilərin əlindən papaq yerə düşməzdi”

Usta müasir dövrdə cəmiyyət arasında papağa və papaqçılıq sənətinə olan marağın xeyli azaldığından gileylənir. Deyir ki, əvvəllər el şənliklərində, bayramlarda gənc oğlan və qızlar başlarında yaraşıqlı milli papaqlarla gəzər, yaşlı kişilərin əlindən papaq yerə düşməzdi. Təəssüf ki, indi küçə-bacada az sayda adamın papaq taxdığını görmək olur. Nə yaxşı ki, dövlətimiz bu məsələyə biganə deyil, mütəmadi olaraq milli adət-ənənələrimizə uyğun tədbirlər təşkil olunur, biz papaqçıların da əməyi qiymətləndirilir. Əl işlərimiz nəinki Naxçıvanda, ölkəmizin digər regionlarında, xaricdə də yüksək səviyyədə nümayiş etdirilir. Günümüzdə papaq tikənlər də az tapılır, nədənsə gənclərin sənət öyrənməyə meyli çox azalıb. Gənclərə deyirəm ki, hansı sənəti seçirlərsə, arxasınca sonadək getsinlər. Digər peşələr kimi, yaxşı papaqçı olmaq, bu sənətin sirlərinə dərindən yiyələnmək üçün də, sözün həqiqi mənasında, ona könül verməlisən. Dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi:

Bir elm öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

...Elə ustad şairimizin gənclər üçün böyük örnək sayılan bu misraları ilə söhbətimizi bitirir, papaqçı İsmayıl kişi ilə sağollaşırıq. Qayıdarkən yolboyu düşünürəm ki, nə yaxşı, yurdumuzda sənətə bağlı, sənəti dərindən bilən belə insanlar var. Nə qədər ki, kamil papaqçılar yaşayıb-yaşadır, sənətə, sənətkara qiymət verən var, adət-ənənələrimizi, mənəvi dəyərlərimizi özündə əks etdirən sənətlər, peşələr də dünya durduqca nəsildən-nəsilə ötürülərək qorunub yaşadılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr