AZ

Karlson Zelenskidən müsahibə götürüb: “İki ildir bu söhbətə can atırdım”

Müsahibənin nə vaxt yayımlanacağı bəlli deyil - Jurnalist “tezliklə” deyib
Amerikalı jurnalist Taker Karlson Ukrayna Prezidenti Volodimir Zelenskidən müsahibə götürdüyünü açıqlayıb. AYNA xəbər verir ki, bu barədə jurnalist “X” sosial şəbəkə hesabında yazıb.
Karlson iki ildir ki, bu söhbətə can atdığını və fevral ayında Rusiya Prezidenti Vladimir Putinlə müsahibədən sonra səylərini daha da artırdığını deyib.
"Məqsəd amerikalılara onların ölkələrinin dünyadakı mövqeyini tamamilə dəyişdirən münaqişə haqqında çox lazımlı məlumatları çatdırmaqdır", deyə Karlson bildirib.
Müsahibənin nə vaxt yayımlanacağı bəlli deyil. Jurnalist ümid etdiyini bildirib ki, “tezliklə”.
Karlson Putindən müsahibə almaq qərarını şərh edərkən oxşar izahat vermiş və qeyd etmişdi ki, amerikalılar Rusiya və Ukraynada baş verənlər barədə “heç bir fikri yoxdur”, lakin “bunu bilməlidirlər, çünki bunun əvəzini ödəyirlər”.
Karlsonun Putinlə fevral ayında söhbəti iki saat davam edib. Müharibə başlayandan bəri Qərb mətbuatı üçün ilk olan müsahibədə Prezident Ukraynanın Rusiyanın “tarixi torpaqları”na aid olduğunu bildirib, Avstriyanı Birinci Dünya müharibəsindən əvvəl Ukraynanı “cilalamaqda” günahlandırıb.
Karlson 2023-cü ilə qədər ABŞ-ın ən məşhur teleaparıcılarından biri idi və Respublikaçılar Partiyasının ruporu sayılan mühafizəkar “Fox News” kanalında öz siyasi tok-şousunu aparırdı. Amerika mediası onu “bəlkə də “Trumpizmin” ən görkəmli tərəfdarı” və “sağçı medianın ən təsirli səsi” adlandırır.
Putinlə müsahibədən sonra Karlson “VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durovdan, daha sonra “Eurochem” və SUEK-in ortaq sahibi Andrey Melniçenkodan müsahibə alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
ayna.az

1Mənbələr