AZ

Azərbaycan və Çin inkişaf strategiyalarını necə birləşdirəcəklər- Astanada qərar...

Image

Fikrət Yusifov: “Bu, hər iki dövlətin eyni iqtisadi inkişaf yolunu seçdiyinə işarədir”

Xəbər verildiyi kimi, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Birgə Bəyannamənin 2.3 bəndində deyilir ki, tərəflər iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.

Maraqlıdır, iki ölkənin inkişaf strategiyasının birləşdirilməsi nə deməkdir?

“Tərəflər qeyd-şərtsiz bu əməkdaşlıqdan hər iki ölkənin daha sürətli inkişafı üçün istifadə etməyi düşünürlər və...” 

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Azərbaycan-Çin əməkdaşlığının təməli müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. 1994-cü ildə onun Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində iki dövlət arasında əlaqələrin perspektivləri müəyyən olunmuşdu. Çin dünyanın iki ən böyük dövlətindən biri və son onilliklər ərzində bənzəri olmayan bir sürətlə inkişaf edərək, daha böyük bir gücə çevrilməkdədir. Çinin dünyanın hər yerində və Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində də xüsusi maraqları var. Bu maraqların kökündə ilk növbədə Şərqlə Qərbi birləşdirən ən qısa quru yolun regionun açar dövləti olan Azərbaycan ərazisindən keçməsi dayanır. Çin uzağa baxır. Bu gün dünyada yükdaşımaların yeni marşurutlarının müəyyənləşdirilməsi, və bu yolla daha ucuz başa gələn quru daşımaların həcminin əsaslı şəkildə artırılması uğrunda mübarizə gedir. İnvestorlar quru yolla daşımalar hesabına daha çox qazanmaq uğrunda elan olunmamış bir yarışa çıxıblar. Böyük güclər isə bu məsələdə öz investorlarına yardım etməkdə israrlıdilar. Bir sözlə, dünyada daşıma xərclərinin sürətlə artdığı bir fonda, yük daşımalarının yeni marşurutlarının çəkilməsi və bununla da dünya ticarətinin inkişafına yeni bir təkan verilməsi məsələsi olduqca ciddiləşir. Çinin bu istiqamətdəki təşəbbüsləri də təsadüfi deyil. Çin Xalq Respublikasının Prezidenti Si Cinpin tərəfindən on il bundan öncə irəli sürülmüş “Bir kəmər, bir yol” layihəsini sürətlə reallaşdırmaq bu gün artıq bir zərurətə çevrilib. “Bir kəmər - bir yol” konsepsiyası Çinin beynəlxalq təşəbbüsü olub, Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət yollarının, nəqliyyat və iqtisadi dəhlizlərin təkmilləşdirilməsinə və yenilərinin yaradılmasına yönəlib. Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər, bir yol” layihəsini bəyan etdikdən sonra bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Azərbaycan Prezidenti bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirdi. Elə bu səbəbdən də Prezident İlham Əliyevin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu” imzalandı. Bu gün Şanxay sammitində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə Bəyannamənin qəbul edilməsi təsadüfi bir hadisə kimi dəyərləndirilə bilməz. Bu əməkdaşlığın təməli 30 il bundan öncə Heydər Əliyev tərəfindən qoyuldu və son 20 ildə onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək strateji əməkdaşlıq zirvəsinə yüksəldildi. Birgə Bəyannamədə inkişaf strategiyasının birləşdirilməsi kimi önəmli bir bəndin yer alması isə hər iki dövlətin eyni iqtisadi inkişaf yolunu seçdiyinə işarədir. Bu, eyni zamnda o deməkdir ki, tərəflər qeyd-şərtsiz bu əməkdaşlıqdan hər iki ölkənin daha sürətli inkişafı üçün istifadə etməyi düşünürlər və bu əməkdaşlığın altında kimlərisə əndişələndirəcək siyasi motivlər yoxdur”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
baki-xeber.com

1Mənbələr