AZ

Çinlə Azərbaycan indiyədək görünməmiş saziş imzalayacaqlar...

Image

Firdovsi Şahbazov: “Bütün bunlar iqtisadi-ticarət əlaqələrinin daha da genişləndiriləcəyindən xəbər verir”

Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Birgə Bəyannamənin 2.0 bəndində deyilir ki, tərəflər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin təşviqinə diqqət yetirməyə hazırdırlar.

“Birgə layihələrin həyata keçirilməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına da təkan verəcək” 

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bütün bunlar iqtisadi-ticarət əlaqələrinin daha da genişləndiriləcəyindən xəbər verir: “Əvvəla, iki ölkə arasında iqtisadi münasibətlər, ticarət dövriyyəsi ildən-ilə inkişaf edir. Nəzərə almaq lazımdır ki, Çin Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. Məsələ ondadır ki, təkcə 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib. Bu kiçik rəqəm deyil, amma iki ölkə arasında olan potensial daha böyükdür. Görünən odur ki, sənaye, emal, kənd təsərrüfatı, logistika və s. sahələrdə birgə layihələrin sayı, əhatə dairəsi daha da genişləndiriləcək. Birgə layihələrə, yeni müəssisələrin yaradılmasına, bundan irəli gələn digər məsələlərin həllinə daha çox diqqət yetiriləcək. Çinlə iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına da təkan verəcək. Nəzərə almaq lazımdır ki, Çin şirkətlərinin Azərbaycana olan marağı getdikcə artır. Təsadüfi deyil ki, Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra Çin ölkəmizə 1 milyard dollara yaxın investisiya qoyub. Düzdür, bu, Çin üçün elə də böyük rəqəm deyil. Ancaq Birgə Bəyannamədən irəli gələn məsələlərin həyata keçirilməsi zamanı Azərbaycana qoyulan Çin sərmayəsi dəfələrlə artacaq. Azərbaycan getdikcə Çinlə Avropa arasında vacib tranzit mərkəzinə çevrilir ki, bu da birgə layihələrin, iqtisadi əlaqələrin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli, təhlükəsiz marşrutdur. Bu il Orta Dəhliz üzərindən yükdaşımaların həcminin 10 milyon tonu keçəcəyi gözlənilir. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir. O baxımdan əldə olunan razılaşmaların böyük iqtisadi perspektivi var”.

Vidadi ORDAHALLI





Seçilən
59
baki-xeber.com

1Mənbələr