Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycanın xarici siyasət prioritetlərindən biri də ayrı-ayrı dövlətlərlə və nüfuzlu beynəlxalq təsisatlarla bərabərhüquqlu sıx əməkdaşlığın və münasibətlərin inkişafıdır. Təbii ki, bu proses təktərəfli ola bilməz. Çünki qlobal səviyyədə baş verən bütün proseslər böyük maraqlar müqabilində baş verir ki, bu da qarşılıqlı xarakter daşıyır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin və diplomatiyanın əsas istiqamətlərindən biri də münasibətlərin bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasıdır. Yəni, daha sadə və lakonik desək, istənilən dövlətə və ya beynəlxalq təsisata Azərbaycan nə qədər lazımdırsa, ölkəmizə də həmin subyektlər o qədər lazımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov səsləndirib.
Politoloq bildirib ki, bu xüsusda, müvafiq siyasətimizi dünyanın ən nəhəng təsisatı olan BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlara münasibətdə də rəhbər tutmaqdayıq. Bəlkə də buna görədir ki, bizimlə dostluq və ya müttəfiqlik etmək istəyən dövlətlər kimi, beynəlxalq təsisatlar da mövqelərini aşkar şəkildə büruzə vermiş olurlar. Ancaq, eyni zamanda, bizim mövqeyimiz hazırda BMT və onun müxtəlif aparıcı qurumları, dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə gətirib çıxarıb. Üzv olmadığımız təşkilatların Azərbaycan və onun Lideri ilə əməkdaşlıq etmək niyyətləri, keçirdikləri konfrans və sammitlərə dəvət göndərmələri Prezident İlham Əliyevin gündən-günə artan nüfuzundan və ona olan hörmətdən xəbər verir.
“Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan təşkilatlardan biri də bu gün dünya əhalisinin təqribən yarısının yaşadığı coğrafiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatıdır. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və uzunmüddətli münaqişənin həllinə nail olaraq ərazi bütovlüyümüzü bərpa etdikdən sonra dövlətimizə marağı artan beynəlxalq subyektlərdən biri də ŞƏT-dir. Bu amillə paralel olaraq hazırkı qlobal reallıqların fonunda Asiya ilə Avropanı və Şərqlə Qərbi birləşdirən ən həssas, ən kövrək və ən incə körpünün Cənubi Qafqaz olduğunu anlamaq heç də çətin deyil. Cənubi Qafqazı isə əsas siyasi, hərbi və iqtisadi gücü olan Azərbaycansız təsəvvür etmək mümkün deyil”, - deyə X.Bəşirov qeyd edib.
Onun sözlərinə görə, bütün bu reallıqları nəzərə alan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlər həm müstəqil ölkələr kimi ikitərəfli qaydada, həm də təmsil olunduqları təsisatlarda, o cümlədən də təsisat çərçivəsində Azərbaycanla əməkdaşlığa böyük üstünlük verirlər. Məhz ona görə də 2015-ci ildə ŞƏT-ə üzv Dövlətlərin Başçıları Şurasının iclasında tərəfdaş statusunun verilməsi ilə bağlı qərardan cəmi bir il sonra Pekində keçirilən növbəti iclasda Azərbaycana dialoq üzrə tərəfdaş statusu verildi. Bundan sonra ŞƏT və ona üzv olan dövlətlərlə münasibətlərimizin artan inkişafı, Qoşulmama Hərəkatında yaddaqalan fəaliyyətimiz və təşkilata uğurlu rəhbərliyimiz, pandemiya dönəmindəki qlobal fəallığımız və məhsuldar təşəbbüskarlığımız, nəhayət ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə nəticələnən tarixi Zəfərimiz ŞƏT-lə münasibətlərimizi 2022-ci ildə onun Səmərqənddə keçirilən Zirvə görüşünə Prezident İlham Əliyevin fəxri qonaq qismində dəvət edilməsi səviyyəsinə yüksəltdi. Astana Zirvə toplantısına Prezident İlham Əliyevin dəvət edilməsi isə təbii ki, xarici siyasət uğurlarımızın məntiqi davamıdır.
X.Bəşirov bildirib ki, həm yüksəksəviyyəli dəvət, həm Azərbaycan-ŞƏT əməkdaşlığı və həm də hazırkı qlobal proseslər hadisələrin gedişatını yaxın zamanlarda Azərbaycanın artıq müşahidəçi qismində ŞƏT-ə üzvlüyünə doğru apardığını göstərir. Eyni zamanda, onu da vurğulamaq yerinə düşər ki, tolerantlığı və multikultural dəyərləri siyasətinin ana xəttinə çevirən, qarşılıqlı əməkdaşlığı, dostluğu və qonşuluğu inkişaf etdirmək niyyətini heç vaxt gizlətməyən, separatizm, ekstremizm və terorizmə qarşı açıq mübarizə aparan, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin qovuşuğunda yerləşən, gündən-günə inkişaf edən ölkəmizlə analoji dəyərləri bölüşən ŞƏT də Azərbaycana marağını gizlətmir. COP29 kimi qlobal miqyaslı, çox nüfuzlu və mötəbər tədbirə ev sahibliyi edəcək Azərbaycanla hazırkı mərhələdə münasibətlərin daha da inkişaf etdirilməsi həm ŞƏT-in, həm də ona üzv olan böyük dövlətlərin qarşılıqlı münasibətlərindən də görünür.
Politoloq vurğulayıb ki, Azərbaycan-ŞƏT münasibətlərinin inkişafı və əməkdaşlığın gücləndirilməsində Azərbaycan Prezidenti və dövlətimizlə yanaşı, həm də o təşkilata üzv olan dövlətlərlə Azərbaycanın münasibətlərinin əsasını qoyan Ümummlilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun əvəzolunmaz rolunu da qeyd etmək vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatı və ona üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirən Heydər Əliyev Fondunun münasibətlərimizə verdiyi ən önəmli töhfələr kimi 2018-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini və 2021-ci ildə eyni məkanda Çin filosofu Konfutsidən sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünü qoyulmasını qeyd etmək olar.
“Diplomatiyanın susdurulduğu, silahların yüksək səslə danışdığı, münaqişələrin alovlandığı və kataklizmlərin baş alıb getdiyi hazırkı həssas dönəmdə böyük güclərin hədəfində olan regionumuzu yalnız və yalnız Prezident İlham Əliyevin dövlətçilik maraqlarımıza xidmət edən əməkdaşlıqları sayəsində inkişaf etdirmək mümkündür. Bu xüsusda, əminliklə deyə bilərik ki, bizim bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərimizə uyğun münasibətlərə üstünlük verən dövlətlər və təşkilatlarla, o cümlədən nüfuzu, gücü və əhatə dairəsi gündən-günə genişlənən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrimizin inkişafı da xalqımızın və dövlətimizin maraqlarına xidmət edir.